Снимок11-234x3001

PAPAQ ATDI OYUNU

Təbiət nurlanır, ürək sevinir,
Bayram eyləyirik hər yaz gələndə.
Xonçalar bəzənir, nəğmələr dinir,
Deyirik, gülürük Novruz gələndə.

Ruzi-bərəkətdi, sevgidi bahar,
Səməni bəzəyir evlərimizi.
Hər evdə sübhəcən çıraq, şam yanar,
Bahar xoş günlərə səsləyər bizi.

Qeyrət, hünər qalıb Qorqutdan bizə,
Kosa da, keçəl də bizimki deyil.
Dünya göz qoyursa adətimizə,
Sayıq olmalıdı indiki nəsil.

Kim bizə öyrədib papaq atmağı,
Papaq ata-ata millət uduzdu.
Birləşək, barışaq bayram axşamı,
Papaq qeyrətimiz, namusumuzdu.

Pay verib, pay alıb babalarımız.
Papağı başından salmayıb heç kim.
Bağlı olmayıbdı qapılarımız,
Bayramda naümid qalmayıb heç kim.

Qeyrəti atmayaq ayaq altına,
Bir ovuc şirnidən, noğuldan ötrü.
Ləkə gətirməyək xalqın adına,
Qapılar gəzməyək nağıldan ötrü.

Gəlin yallı gedək ocaq başında,
Oxuyaq hamımız birlik nəğməsi.
Papağa and içək, oda and içək.
Bir də talanmasın Odlar ölkəsi.

XOCALINI AĞLAMAYIN

Doğma şəhər qəltan oldu qanına,
Neçə ildir getmək olmur yanına.
And verirəm qalanların canına,
Xocalını ağlamayın təzədən.

Innən belə göz yaşından nə fayda,
Alan aldı, satan satdı sarayda.
Millət susdu o hayda, o harayda,
Xocalını ağlamayın təzədən.

Ağacların meyvəsini yad dərir,
Düşmən ordan bizə acıq göndərir.
Suyumuzu başqa arxa döndırir,
Xocalını ağlamayın təzədən.

Qan içində boğulubdu o çöllər.
Bir də dinməz bizim dildə bülbüllər.
Vaxt ötüşüb, dəyişibdi nəsillər,
Xocalını ağlamayın təzədən.

Dağlar gördü gürşadı da, seli də,
Yel sovurdu yerdə qalan külü də.
Özgələrə ümidliyik hələ də,
Xocalını ağlamayın təzədən.

Ağlamaqla dərd azalmaz ay qağa,
Dağ çəkilib o torpağa, o dağa.
Qisas deyib el qalxmırsa ayağa,
Xocalını ağlamayın təzədən.