QARABAĞA GEDƏSƏN
Dönəsən Ağatlı oğlana bir gün,
Atını çapasan doğma dağlara.
Bir gün ağlayasan el-oba üçün,
Daha baxmayasan yağışa, qara.
Dörd nala çapasan sehirli atı,
Əlinlə boğasan qarı düşməni.
Qovasan bir yolluq dağlardan yadı,
Azad eyləyəsən doğma Vətəni.
Işığa dönəsən, nura dönəsən,
Səni qarşılaya Ağoğlan dağı.
Doğma Cəbrayıla yol götürəsən,
Səni qucaqlaya Araz qırağı.
Asasan Laçında bayrağımızı,
Alasan Ağdamı yadlardan geri.
Gəzəsən o cənnət torpağımızı,
Verəsən ellərə bir xoş xəbəri.
Başına yığasan eli-obanı,
Bir çadır qurasan Cıdır düzündə.
Şəhid oğulların yuyub qanını,
Haqqı qoruyasan bu yer üzündə.
BELƏ ATƏŞKƏS OLMAZ
Bu torpaq əldən gedir,
Dərdimi ağlayan yox.
Yaramızdan qan axır,
Onu bir bağlayan yox.
Saralıbdı, solubdu,
O bağçalar, o bağlar.
Boynu bükük qalıbdı,
O zirvələr, o dağlar,
Ötüb keçir bahar, yaz,
Belə atəşkəs olmaz
Nə qədər dözmək olar,
Bu dərdə, qəmə qardaş.
Belə də zülm olarmı?
Yanır torpaq, yanır daş.
Bu söz-söhbət yalandı,
Qaytaran yox torpağı.
Inanmıram verələr,
Savaşsız Qarabağı.
Hər ağızda bir avaz,
Belə atəşkəs olmaz.
Erməni Qarabağda,
Əkir-biçir, ev tikir.
Qaçqınlar gecə-gündüz,
Gözlərindən yaş tökür.
Qara tikanlar əkir,
Yollarda qara keşiş.
Nə belə sülh görünüb,
Nə də belə cəngəl iş.
Qan ağlayır xan Araz,
Belə atəşkəs olmaz.
Düşmənlərin əlində,
Qalıb yurdun sərvəti.
Qarabağda talan var,
Daşınır var-dövləti.
Qarabağın açarı,
Düşüb dərin quyuya,
Gözümüzdən axan yaş,
Çətin bir də quruya.
Hanı o qızıl, almaz,
Belə atəşkəs olmaz.
Gündə güllə yağışı,
Gündə ölüm, gündə qan.
Həsrətdən yandı ürək,
Dərddən üzüldü bu can.
ATƏT-in oyunları,
Hələ də davam edir.
Atəşkəs uzandıqca,
Qarabağ əldən gedir.
Yad bizə torpaq almaz,
Belə atəşkəs olmaz.
XARI BÜLBÜL
Qaldın od-alov içində,
Həsrət alışdı içində.
Neyləyirsən boran, çəndə,
Yarı çiçək, yarı bülbül,
Xarı bülbül, Xarı bülbül.
Ürəyimiz qan ağladı,
Sinəmizi qəm dağladı.
Dilimizi dərd bağladı,
Möcüzəsən, möcüzə gül,
Xarı bülbül,Xarı bülbül.
Qarabağın bəxti qara,
Yolun düşdü şaxta, qara.
Həsrət qaldın sən də yara,
Ürəyində acı niskil,
Xarı bülbül, Xarı bülbül.
Şuşamızın tacı sənsən,
Çiçəklərə bacı sənsən.
Hər gözəldən uca sənsən,
Necə deyim ağlama, gül,
Xarı bülbül, Xarı bülbül.
Yad əlində əsir gülüm,
Sənsiz qəlbim əsir gülüm,
Indi yetim, yesir gülüm,
Sənsiz gülməz ürəyim, bil,
Xarı bülbül, Xarı bülbül.