rahileanam

Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,

VƏTƏN

“Vətənimdir” – silsiləsindən

Vətən, sənin bir zərrənəm,
Torpağında doğulmuşam.
Dənizində, çaylarında,
Saflaşmışam, durulmuşam.

Ürəyimin odusan sən,
Çörəyimin dadısan sən,
Varlığımın adısan sən,
Mən qovğayam, mən vuruşam.

Qayaları yığın-yığın,
Vurğunuyam Haçadağın.
Atəşgahın, Yanardağın,
Alovundan yoğrulmuşam.

Yolun hünər, zəfər yolu,
İgidlərin dəli-dolu,
Bamsu Beyrək, qoç Koroğlu,
Qeyrətinə vurulmuşam.

ANAM NƏQŞİCAHAN

“Vətənimdir” – silsiləsindən

Böyüdüm yurdumun mərd sinəsində,
Köroğlu nərəsi, cəngi səsində.
Məst oldum hürrüyət təntənəsində,
Qəlbdə vətən eşqi, ilhamım rəvan,
Anam Nəqşicahan, ulu Naxçıvan.

Məğrurdur, igiddir ulu yaşında,
Bahar təravətin yaşar qışında.
Min nemət yetirər hər qarışında
Tarixi qədimdir, bu günü cavan,
Anam Nəqşicahan, ulu Navxçıvan.

Hər küçə,döngədə yeni bir zəfər,
Yoxdur köhnəlikdən əlamət,əsər.
Şanlı səhifədir, doğan hər səhər,
Hüsnünə valehdir hər ölkə, cahan,
Anam Nəqşicahan, ulu Naxçıvan.

Dillər əzbəridir adı- sanı var,
Hər qarış torpaqda şəhid qanı var.
Qazidir milləti,şöhrət- şanı var,
Tutub yağılara həmişə divan,
Anam Nəqşicahan, ulu Naxçıvan.

Qoç oğuz elidir, qaynayır həyat,
Qorqud diyarına yaraşır büsat.
Rəhbəri Koroğlu,- altında “Qırat”,
Şanına nəğmələr hey qoşur Dövran,
Anam Nəqşicahan, ulu Naxçıvan…