Bu barədə ilk məlumatı İsmayıllıda olarkən dostum Rövşən müəllim Şirəliyev verib.Bu yaxınlarda isə başqa bir dostum,el ağsaqqallarından olan Pərviz Əhmədsoy bir daha xatırlatdı.Etiraf edim ki cərəyan edən hadisələrin önündə bu şeir çox cılızdır,sönükdür.Əslində bir poema,bir kitab yazmaq olar və yazılmalıdır da.Sağlıq olsun…

Maşınlar yol aldı kəndə cəbhədən,
Deyəsən bir şəhid döndü cəbhədən.
Bütün el yığıldı dəfnə o saat,
Neçə arzu,ümid məhv oldu,heyhat!..
Güc elin çiyninə düşsə də,yenə,
Elə bil dağ çökdü ata qəddinə.
İsladıb göz yaşı ağ saqqalını,
Kim görmək istəyər övlad dağını?!.
Gecə zülmətindən seçilmir üzü,
Sanki dəfn olacaq atanın özü.
Başı çiynindədir məzlum atanın,
Üzü qara olsun torpaq satanın.
Şəhid dəfn edildi,hamı dağıldı,
Tək ata məzarın önündə qaldı.
O qədər ağlayıb göz yaşı tökdü,
Onun gözlərinə qaranlıq çökdü.
On beş-iyirmi gün keçdi aradan,
Sanki bir möxüzə etdi yaradan;
Ataya dedilər qurtar şübhədən-
Oğlun sağ-salamat dönüb cəbhədən!..
Yenə də bir ata…sinə oxludur,
O şəhid bu elin başqa oğludur.
Şənliyə çevrildi o yas məclisi,
Heyrətə salmışdı bu iş hər kəsi.
Hamı müjdə üçün ona qaçırdı,
Atanın çöhrəsi işıq saçırdı!
Başlandı o anda toy tədarükü,
Çiynindən alındı atanın yükü.
Bəs kimdi,nəçiydi o şəhid görən,
Kim idi torpağa bir oğul gömən?
Təəssüf,olmadı bir nişan verən,
Olmadı bir könül,qəlb diksindirən.
Adsız şəhid kimi dəfn olundu o,
Getdi böyük millət,xalq yolunda o.
Xalq da qəhrəmanı tutaraq əziz,
Həmişə ziyarət edir şübhəsiz.

12.08.2015.