ÇAT GÖRÜM

Haqq danışan dilə, qardaş, nə divan,
Nədi Göygöl, nədi Göyçə, nədi Van?
Araz olub vüsalına nərdivan,
Oğulsansa, bircə addım at görüm.

Nə vecinə, kim alışa, kim yana,
Bir ah çəkdim az qaldı ki, sim yana,
Könül versən Mıkırtıca, Semyona,
Min il belə istəyinə çat görüm.

Bu dərd vaxtsız saçlarıma qar salar,
Söz var, desəm, ürəkləri qarsalar,
Araz axar damarımdan yarsalar,
Bu zülümlə Savalanda yat görüm.

Çətin bir də hicran bizdən gen düşə,
Könül gülə, arzulara gün düşə,
Gözləmə ki, ay dolana, gün düşə…
Çalış özün günü-günü qat görüm.

DÜNYANIN DƏRDINI DAŞIDIN…
Xeyirxah insan, təmannasız cərrah, M.Arazın və
bütövlükdə Azərbaycan poeziyasının yaxın dostu Hacı Cəfər həkimə

Bircə yol şöhrətə, şana uymadın,
Bir bölük dərd yatır sinənin üstə.
Dünya bax beləcə namərd dünyadı,
Çəkir qılıncını enənin üstə.

Çoxuna bu dünya sirli, müəmma,
Çoxuna yüyənsiz, yəhərsiz oldu.
Dünyanın dərdini daşıdın, amma,
Dünya dərdlərindən xəbərsiz oldu.

Mizan-tərəzisən əyriyə, düzə,
Hərə bir gözündə ələnib gedir.
Haçandı qarışıb gecən-gündüzə,
Hər anın min dərdə bələnib gedir.

Adın milyonların ümid nöqtəsi,
Ünvanın çoxuna qibləgah oldu.
Atadan, anadan, qardaşdan öncə,
Çoxunun dərdindən sən agah oldun.

Güvəndin həmişə öz adına sən,
Seçmədin uzağı yaxınlarından.
Son anda yetişdin imdadına sən,
Sənə xoflu-xoflu baxanların da.

Xəbis tab gətirməz bu böyüklüyə,
Içini, çölünü didər kin, ağlar.
Səninsə sübhədək yuxularında,
Milyon qaçqın ağlar, didərgin ağlar.

Bir qismi cənabdı, bir qismi paşa,
Bir qismi ivançı bu məmləkətin.
Yaşaya bilirsən oğlu ol, yaşa,
Oğrusu divançı bu məmləkətin.

Yaşaya bilirsən, di, buyur yaşa,
Bu qədər ah, nalə, fəğan içində.
Neçə nakam ömür vurulur başa,
Hər gün göz yaşları və qan içində.

Çoxunun kürsüsü ah-nalə üstə,
Çoxunun taxt-tacı qan üstündədi.
Üz tutub tanrıdan bir nicat istə,
Istə ki, məmləkət can üstündədi.

Nadana əyilən qəddin yox sənin,
Dosta baş verməyə hazır görmüşəm.
Qəlbin geniş olub, gözün tox sənin,
Səni öz nəfsinə nazir görmüşəm.

Sarsılma, ruhunu sarmasın kədər,
Qoluna, dizinə köməklərik biz.
Haqq üçün dünyanın sonuna qədər,
Düşüb dizin-dizin iməklərik biz.

Min karvan yolu var qaşının üstə,
Səni tanıyanlar bundan halıdı.
Bütün dostlarının başınan üstə,
Haqqın, ədalətin simvolu kimi
Sənin şəkillərin asılmalıdı.
1992-1993
HAVADAN AYRILIQ QOXUSU GƏLİR

Əbəsmiş dayanmaq bu yağış altda,
Qismətim yenə də qəhər olacaq.
Göyün ulduzları yır-yığış altda,
Yəqin ki, bir azdan səhər olacaq.
Gecədi, birtəhər sovuşub gedir,
Qarşıdan səhərin qorxusu gəlir.
Özümü öyrədim ayrılıqlara,
Havadan ayrılıq qoxusu gəlir.

Dan yeri ayrılıq doğdu bu səhər,
Bu sərsəm doğuşdan, qəfil doğuşdan
İçimə ayrılıq toxumu düşdü,
Bilmədim azımı, çoxumu düşdü.
Gözümdən süzülən göz yaşıdımı,
Yoxsa ki, bir əlçim yuxumu düşdü.
Bəlkə ona görə səkilərin də,
Otun da, daşın da, kol-kosların da.
Gecəni yatmayan bu «dostlar»ın da
Qapanır gözləri, yuxusu gəlir.
Özümü öyrədim ayrılıqlara,
Havadan ayrılıq qoxusu gəlir.

Ağlaya bilmirəm ağac gözüylə,
Çiçək gülüşüylə gülə bilmirəm.
Nə məndən bir yolluq sağ qalan olmaz,
Nədəki, bir yolluq ölə bilmirəm.
Göz yaşım gözümdə donub haçandı,
Çətini hər şeyin sonunacandı.
Ölməyin, qalmağın sonu bəllisə,
Hər şeyin cilidi, donu bəllisə,
Bəs niyə hayana əl ətıramsa,
Əlimə hicranın yaxasa gəlir?
Özümü öyrədim ayrılıqlara,
Havadan ayrılıq qoxusu gəlir.

Rafiq ODAY

TƏCNIS

Sinəmi bir atəş yandırıb yaxır,
Haçandı bir nazlı gözəldən düşüb.
O gündən günlərim saçım rəngində,
O gündən saçıma gözəl dən düşüb.

Vəsf etdim hüsnünü gəlincə, gülüm,
Gəz sinəm üstündə gəl, incə, gülüm.
Dönüb bu yerlərə gəlincə, gülüm,
Baxıb görərəm ki, göz əldən düşüb.

Vurula bildinsə dərdindən belə,
Xoş olar soysalar dərimdən belə.
Oday, bar-bəhrini dər indən belə,
Sevgi bağçasına gözəl dən düşüb.