***
İçimdən keçdi bu karvan.
İçimdən keçdi ağ dəvələr,
yanında köşəyi.
İçimdən keçdi Qaranər.
İçimdən keçdim,–
İçim səhra,
külək sovurar qumu,
tale deyilən bumu?!
İçimdən keçdi bəyaz gecələr,
İçimdən keçdi ağ kəcavələr.
Göz yaşı, ağı.
Hər şey bitəndən sonra
qalan bir ağrı.
İçim səhra,
külək sovurar qumu,
tale deyilən bumu?!
İçimdən keçdi qara bir kölgə,
İçimdən keçdi başıbəlalı bir ölkə,
Zavallı bir məmləkət,
balaca bir kənd,
bəlkə, bəlkə, bəlkə…
içimdən keçdi
Əmir Teymurun boğazlatdırdığı köşək,
külək, külək, külək.
İçim səhra,
Külək sovurar qumu,
Tale deyilən bumu,
Qismət deyilən bumu?!
* * *
Doldurdum başımı qeybətlər ilə,
Boşaltdım içimi söhbətlər ilə.
Küçələr-kimsəsiz, yetim ürəyim,
Ürəyim-kimsəsiz, yetim küçələr.
Bilmirəm hayana gedim gecələr?
Başladı bir qəfil, bir çisək yağış,
Mirvari damcılar süzüldü asta.
Biçarə şamların kirpiklərindən
Yudu sürməsini ağ fanarların.
Axdı küçələrin yanaqlarına
…Buludlu, yağışlı, yalqız bir gecə
Nəmli, qanı qaçmış dodaqlarıynan
Ağlayır, yıxılıb ayaqlarıma.
SINMIŞ BUDAĞIN AHI
Yolçular yollarında, kimsə səni eşitməz,
Keçib gedir gedənlər ürəyinin dalınca.
Yaraların qaynayıb, qaysaqlayıb bitişməz
Endikcə kövrəkliyə ayrılığın qılıncı.
Düşmə biganələrin, düşmə ayaqlarına!
Dərdini dərdi bilib taleyinə acımaz.
Boylanıb xoşbəxtlərin zəfər bayraqlarına
İçin-için hıçqırıb taleyinə acıma!
Göz yaşınla suvarma nifrətini içində,
Sevgilərin qədəmi qəzəbinə tuş olar.
Əriyib itərmisən şöhrətinin içində,
Tənhalığın yelləri şöhrət külü sovurar.
Hisslərinin gözündə bakirəlik yağışı,
Yağdırma dönüklərin naməhrəm səhrasına!
Çırpılacaq qəbrinə bədxahların alqışı,
Yaxa yırtıb, üz cırıb gələcəklər yasına.
Alındınmı alından, aldandınmı alına?
Nə yarın oldu yollar, nə yollar oldu yarı.
Sinən göz-göz tənədən, küsənərmi halına
Həsrətin pərvanəsi, qəmlərin qəmküsarı?
* * *
Ovcuna bağlanan pul ha deyiləm,
Bu ağa dünyaya qul ha deyiləm.
Xoşbəxtliyə gedən yol ha deyiləm,
Yüyürüb sarılam ayaqlarına.
Gileyim heç umu-küsüdən deyil,
Əllərim tərləyir-istidən deyil.
Məni öpüşlərin isidən deyil,
Baxıb aldanıram dodaqlarına.
Sən ki, bu sevdada naşı deyilsən,
Gülsən, güllərin başı deyilsən.
Hayıf ki, gözümün yaşı deyilsən,
Necə axacaqsan yanaqlarıma?
ETIRAF
Şəhid sevgilərin məzarı üstə
Baxıb qan qoxuyan çiçəklərinə
İnana bilmirəm ölmədiyimə.
Sırtıq küçələrin döngələrində
Çılpaq nəğmələrin yataqlarına,
Boyalı, boyasız dodaqlarına
Boylananların
baxıb gözlərinin işartısına,
baxıb üzlərinin qışqırtısına,
ütülü, qardan ağ köynəklərinə,
inana bilmirəm ölmədiyimə.
Sığınıb yağışda çətirlərinə
Öpüb xanımların əlcəklərindən
Ötürdüm bir axşam evlərinəcən.
baxıb gözlərinin dərinliyinə,
baxıb boynubükük ürəklərinə
inana bimirəm ölmədiyimə.
Papaqlar başları aparıb gedir,
papaqlar başları qoparıb gedir,
düşüb ümidlərin ayaqlarına,
keçib tamahların nizələrinə.
Baxıb bu dünyanın adamlarına,
Baxıb gül libaslı ədalarına,
Bir də qana batmış ətəklərinə,
İnana bilmirəm ölmədiyimə!
İnana bilmirəm ölmədiyimə!
* * *
Bu divarı tutub gedər
Bu kor, qurtaranacan.
Bu divarı tutub getdim
Bu gor qurtaranacan.
Başımın üstündə bir əl,
Arzum qönçə, gülüm xəzəl.
Bu ocağın ahı gözəl
Bu gor qurtaranacan.
Mən gülüncə gül tapılmaz.
Bircə ovuc kül tapılmaz.
Yolsuzluğa yol tapılmaz
Bu yol qurtaranacan.
DURNA LƏLƏYI
Fələk yandırası bir ah qalmadı,
Günah eləməyə günah qalmadı.
Göz yaşı tökməyə torpaq qalmadı,
Dərdimi yazmağa durna lələyi.
Əhdinə vəfalı bir yar tapılmaz,
Qanımı içməyə əğyar tapılmaz.
Başımı hörməyə divar tapılmaz,
Dərdimi yazmağa durna lələyi.
Hayıf, məni məndən seçdi gözəllər.
Yoxsa mən gecikdim, köçdü gözəllər?
Qanlı köynəyimdən keçdi gözəllər,
Dərdimi yazmağa durna lələyi.
Bu sürtük dövranın astarı çıxıb,
Yetimin əcaib dostları çıxıb.
Qəribə dilənçi postları çıxıb,
Dərdimi yazmağa durna lələyi.
Bu qanlı qovğadan başım açıla!
Əsir ayağımın daşı açıla!
Heyhat! Şair olub makinaçılar!
Dərdimi yazmağa durna lələyi.
Saqif, sağalası min-min yara var,
Yazırsan yaz belə: ağ var, qara var!
Bu qələm hələ çox çirnel aparar,
Dərdimi yazmağa durna lələyi!
Qəbrimi qazmağa durna lələyi!
* * *
İçimdə heç nə yoxdu,
içimdə nəsə də var.
O əllər necə isti,
Bilirəm, nədir qəsdi.
O gözlər necə doğma,
Girəcəklər yuxuma.
O gözlər necə tanış,
Bir bakirə aldanış,
…içimdə heç nə yoxdu,
içimdə nəsə də var.
BULAQDAN QAYIDAN QIZ
Hayıf ki, ürəyim sevgidən doyub,
Hayıf, hamı kimi mən də adamam.
Od alıb, əriyib, külə dönərdim
Əgər ağac olsam, əgər daş olsam.
Əllərin titrəyir, gözlərin dolub,
Ürəyin xoş sözə, qılığa möhtac.
Daha keçən keçib, olanlar olub,–
Bizim dərdimizə tapılmaz əlac.
Günahkar axtarma bu sevdada sən,
Qarğama taleyə, qarğama baxta.
Sən məni sözsüz də başa düşərsən,–
Qara bağlamışam əlimə çoxdan.
Dincəldin, di yeri, dil açar yollar;
Hər şeyi yoluna qoyacaq zaman.
Əlləri xamırda gözləyir anan,
Mənim də bir azca yazım-pozum var.
* * *
Bir ahın içində axıb gedirəm,
Yüyürüb gələn yox qışqırığıma.
Səsimə hay verən bir kimsə yoxdu,–
Bir deyən yoxdu ki, bir insan batır.
Ya mən yuxudayam, ya dünya yatır,–
Bir oyanan yoxdu hıçqırığıma.
Gedənlər üzünü çevirib gedir,
Keçənlər baxırlar-görmürlər məni.
Unudub saatı, unudub günü
Adamlar harasa yüyürüb gedir.
Baxıram, hər tərəf yamyaşıl sudu,
Baxıram, göy üzü elə mavi ki!
Həyat elə adi, elə adi ki,
Baxdım, gözlərimin yaşı qurudu.