Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,
HƏLƏ VAXT VAR DEYƏN KƏSİN
“Eldən- gündən”-silsiləsindən
Hələ vaxt var deyən kəsin,
Dünya çox çəkdi nazını.
Fələk qəfil kəsdi səsin,
Dünən qıldıq namazını.
Inanmırdı Haqq yazana,
Rişxənd edərdi azana.
Çırpınırdı çox qazana,
Itirdi çoxdan azını.
Tamah hissi alovlandı,
Gah itirdi, gah qazandı.
Imanını, dini dandı,
Kəsdi nəzir, niyazını.
Qafil idi, yazıq nadan,
Enməzdi göydən, fəzadan.
Qorxmazdı qədər, qəzadan,
Əcəl sıxdı boğazını.
Nə görmüşdü pulda, varda?
Qazandığı qaldı burda.
Görən necə yatır gorda?
Yazan yazdı son yazını.
GÖRMÜŞƏM
“Düşüncələrim”-silsiləsindən
Gözümü açandan fani dünyaya,
Onu hey boşalan, dolan görmüşəm.
Heç rəhmi olmayıb Rəbb verən paya,
Bəşərə vəfasın, yalan görmüşəm.
Dönür gidi- gidi qanlı oxunda,
Əcəl gah uzaqda, gah da yaxında.
Çarıqlı çobanın, taclı şahın da,
Papağın mismarda, qalan görmüşəm.
Yaşam da, ruzi də, qismət də verib,
Həya, abır, iffət, ismət də verib.
Yaxşıya, həm pisə qiymət də verib,
Verdiyin çox zaman, alan görmüşəm.
Zalimin saldığı haqsız harayı,
Qan üstə yüksələn büllur sarayı.
Haramla yığılan pulu, parayı,
Bir anda sovrulan, talan görmüşəm.
Boy-buxun, qamətlə, şəstlə öyünən,
Qəlbi ehtirasla, eşqlə döyünən.
Zaman xırmanında dəni döyülən,
Neçə mənəmləri, nalan görmüşəm.
Ömürdən ələyib aylar, illəri,
Gəzdim qarış- qarış doğma elləri.
Dövran, bahar vaxtı açan gülləri,
Payızda hey xəzan, solan görmüşəm…