Dünya
Zamanla baş-başa dərdli ürəklə
Məni də qoymusan bu günə dünya
Heyf ki barışdın dərdi qəmimlə
Zəhərə dönübdü ömrüm a dünya
Virana qalıbdı gecəm-gündüzüm
Yaralı ürəklə mən necə dözüm
Barışdım həyatda dərdimlə özüm
Zəhərə dönübdü ömrüm a dünya
Ana
Beşiyimin başında
Laylamı çalan ana
Gecə-gündüz yatmayıb
Qeydimə qalan ana
Ruhumun qidasısan
Qəlbimin aynasısan
Evimin çırağısan
Laylamı çalan ana
Yolumda saç ağartdın
Özünü sən qocaltdın
Məni dağtək ucaltdın
Qeydimə qalan ana