re

* * *

Əvvəlki nömrəndi ya dəyişmisən?
Qorxuram zəng edib yoxlamağa da.
Əlim də gəlmirki silim adını,
Yox ki, bir səbəbim saxlamağa da.

Bir mesaj yazımmı, halın hecədi?
Bəlkə oxuyarsan, cavab yazarsan.
Bəlkə də yeni bir sevgilin olar,
O görməsin deyə xəlvət pozarsan.

İndi nə haldasan bilə-bilmirəm,
Xoşbəxtmi, bədbəxtmi xəbərim yoxdu.
Sənsiz keçən zaman, zaman deyilki,
Sinəmə tuşlanan zəhərli oxdu.

Keşkə ayrılmazdıq, ayrı qalmazdıq,
Bizki xoşbəxtliyi dada bilərdik.
Keşkə bu həsrəti yaşamayaydıq,
Biz də, sevinərdik, biz də gülərdik.

Bəlkələr, keşkələr kəsib yolumu,
Sənə gələn yollar uçruma dönüb.
Gəlsəm də qalsam da sonu ölümdü,
Həyatım şəm kimi əriyib, sönüb…

GET

Gedirsənsə birdəfəlik yığış get,
Səni xatırladan heç nə qalmasın.
Elə get ki, səndən sonra qəlbimi,
Həsrət bürüməsin, hicran almasın.

Götür saçlarımı apar özünlə,
Sənin əl işindi saçımda hər dən.
Gözləmə, arxanca baxan deyiləm,
Gözümə bu zülmü yaşatmaram mən.

Necə gəlmişdinsə elə də çıx get,
Gedirsən getdiyin, gəldiyin yoldu.
Yalandan kövrəlib, ağlama bəsdi,
Yenədə axırda sən deyən oldu.

Düşünmə sən getsən tək qalaram mən,
Sağımda qəmim var, solumda kədər.
Ən yaxşı günlərim onlarla keçib,
Hayıf, sənli günlər keçibmiş hədər.

Gedəndə qapını çöldən bağla get,
Evdə olduğumu kimsə bilməsin.
Sənin getdiyini görüb duyanlar,
Gəlib ürəyimdən səni silməsin.