Polad Sabirli

İstərəm hər kəsə kaş ki, həyatda,
Ögey olmayaydı zaman, ay Allah!
Haqsızlar haqlının başından basıb,
Yerin tutmayaydı aman, ay Allah!

Böyüyə dərs verən uşaq görmüşəm,
Elə böyük var ki, dağlıdır qəlbi.
Elə anlamaz var söz başa düşmür,
Eləsinin sözdür qəlbinin həbi.

Adam var yüz dəfə ölür, dirilir,
Ehmal demədiyi sözünə görə.
Çoxu ağzın qoyub Allah yoluna,
Kül ilə oynayıb közünə görə.

Kimi başqasına yükdü nədənsə,
Kimi də çoxunun yükün daşıyır.
Ölməli olmayan gedib həyatdan,
Ölməli olan var keflə yaşayır.

Üzüm haqqa tərəf, yönüm Allaha!
Haqsıza rast gəldim haqq deyə-deyə.
Polad, çox ah çəkib qəm yemə daha,
Özünə ağasan, sözünə yiyə.

25.07.2014