YOXDU

Yenə də yalanın düşübdü işə,
Nə yaxşı iş seçdin, nə yaxşı peşə.
Döndün nərdivana – kim qalxa, düşə,
Sonra deyirsən ki, günahım yoxdu.

Sən hardan biləsən ac nələr çəkir?!
Başa keçirdiyin tac nələr çəkir?!
Susursan – dünyaya bir sükut cökür,
Sonra deyirsən ki, gunahım yoxdu.

Yaman çoxalıbdı dünyada yaltaq,
Zalimın zülmündən necə qurtulaq?!
Bir ölçu götürək, bir tədbir alaq,
Sonra deyirsən ki, günahım yoxdu.

DÜNYADA

Baxıram gözlərdə kədər ağlayır,
Deyilən sözlər də hədər ağlayır.
Bəxt-tale ağlayır, qədər ağlayır,
Dünyada.

Yalan-doğru bir yol gedir bilmədən,
Arzusunu, istəyini bölmədən,
Yaxşı bacar yaşamağı ölmədən,
Dünyada.

“Elin gözü tərəzidi” deyiblər,
Namərdi öyüblər, mərdi döyüblər.
Bir-bir üzə çıxır indi eyiblər,
Dunyada.

DÜNYA, BİZİ DAŞLAMA

Xatirələr xoş olur,
Halal yesən, nuş olur.
Köçsən, əlin boş olur,
Dünya, bizi daşlama.

Neçə qonağın olub,
Neçə çiçəyin solub.
Gəlmir, gözüm yorulub
Dünya, bizi daşlama.

Şəfəq saçsın gözünə,
Nur ələnsin üzünə,
Diqqət yetir sözümə,
Dünya, bizi daşlama