rahileanam

Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,

ŞƏNGÜLÜMLƏ, ŞÜNGÜLÜM

“Uşaq şeirlərim” – silsiləsindən

Saqqalları əlçim-əlçim,
Vardır iki bala keçim.
Bilmirəm ki, necə seçim?
Hansı- alagöz Şəngülüm?-
Hansı qaragöz Şüngülüm?.

Ikisi də, ala-bula,
Ikisi də, üzü yola.
Giribdilər, bax qol-qola,
Hansı –alagöz Şəngülüm?-
Hansı- qaragöz Şüngülüm?.

Səs-küyləri göyə çatır,
Bir- birinə buynuz atır.
Biri durur, biri yatır,
Hansı –alagöz Şəngülüm?-
Hansı –qaragöz Şüngülüm?…

ÖMRÜN FƏSİLLƏRİ

“Mənim dünyam” – silsiləsindən

Bu dünyada hər şeyin var zamanı,
Yaradandır nizamlayan hər anı.
Dərə çəni, dağlar sevər dumanı,
Yaz gəlməsə axan çaylar çağlamaz,
Gül- çiçəklər qönçə, buta bağlamaz.

Yay zamanı hamı sevər yaylağı,
Zümrüd meşə, yaşıl çəmən, bulağı.
Yal- yamaclar olar könül oylağı,
Duman, nə sis qar yağdırıb çığlamaz,
Şən buludlar, gözün sıxıb ağlamaz.

Son baharda quşlar çıxar səfərə,
Elat enər dağdan- düzə, şəhərə.
Hacət yoxdur ağlamağa, qəhərə,
Təbiətin taxtı, tacı laxlamaz,
Ulu dağlar qışda qonaq saxlamaz.

Ahıl, qoca möhkəm tutar əsasın,
İstər sürsün hər anının səfasın.
Fani dünya sonda alar qisasın,
Dövran, əcəl xəzan çiçək qoxlamaz,
Payız- yazı, nə qış- yayı haxlamaz…