rafiqoday

Dünya yarandığı gündən, insan övladı həyat barədə düşüncələrə malik olduğu zamandan ananın qayğıkeş obrazı müqəddəs varlıq kimi həmişə hörmətə layiq görülmüşdür. Günəş olmasa yer üzü zülmət içində boğular. Ana da insan həyatında bu qüdrətə malikdir. Məhz qadının – ananın əli ilə insan bəxtiyarlığa qovuşur. Ana o qədər ilahi və müqəddəs varlıqdır ki, vətəni də onun adı ilə “Ana vətən” adlandırırlar. Analara ən yüksək qiyməti Məhəmməd peyğəmbər (s.ə.s.): “Cənnət anaların ayaqları altındadır”, – deməklə vermişdir. Böyük Azərbaycan yazıçısı M.S.Ordubadi yazırdı: “Ana! Dünyada sənin müqəddəsliyini təyin edə biləcək hələ heç bir ölçü yoxdur, sənin əzəmətini təsvir edə biləcək hələ heç bir kitab yazılmamışdır. Ən səmimi sevgilər, ən coşğun, saf məhəbbətlər və vicdani sədaqətlər belə “ana” kəlməsində olan həqiqi mənanı ifadə etməkdə acizdir.” Analar ömür boyu sevgiyə, ehtirama, xidmətə və hörmətə layiq ən uca varlıqlardır. Analar başımızın tacı, könlümüzün məlhəmidir.
Bu gün Azərbaycan cəmiyyətini qadınlarsız təsəvvür etmək mümkün deyil. Qadınlar həm cəmiyyətdə, həm də ailədə xüsusi rola malikdirlər. Qadın anadır, qadın tərbiyəçidir. Bu gün ölkəmizin inkişafında mühüm rol oynayan istedadlı və vətənpərvər gəncliyin yetişməsi məhz qadınların gərgin əməyinin, onların Vətənə, ailəyə bağlılığının və sadiqliyinin nəticəsi olması baxımından müstəqil Azərbaycanımızın qazandığı bütün uğurlarda, əldə etdiyi bütün nailiyyətlərdə qadınların xidməti əvəzsizdir. Azərbaycan qadınları minilliklərdən bəri süzülüb gələn mənəvi dəyərlərə sadiq qalaraq, zərifliyin, ülviliyin və gözəlliyin rəmzi olan qadın paklığını, qadın saflığını, qadın ucalığını layiqincə qoruyub saxlamışlar.
Ölkəmizdə qadınlara yüksək diqqət və qayğı göstərilir, onlar müxtəlif sahələrdə tərəddüdsüz irəli çəkilirlər. Bizim xanımlarımızın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, mədəniyyətin, incəsənətin, elmin, hətta istehsalatın ən çətin sahələrində əzmkarlıq göstərmələri Azərbaycan qadınının mədəni səviyyəsinin və intellektual potensialının aydın təzahürüdür. İnsan qəlbinin gözəlliklərinin tərənnümçüsü olan yüzlərcə, minlərcə kövrək təbiətli qadın şair və yazıçılarımızın, musiqiçilərimizin, xeyirxahlıq, insanpərvərlik rəmzi qadın həkim və müəllimlərimizin adları müasir tariximizin şanlı səhifəslərini bəzəyir. Qadınlar zərif, bahar təravətli olduqları qədər də qətiyyətli, cəsarətli və qətiyyətlidirlər. Onlar respublikamızda mürəkkəb sosial-siyasi dəyişikliklərin baş verdiyi ən müxtəlif dövrlərdə belə, cəmiyyətimizin əsl mənəvi dayağı olmuşlar.
Bu yaz nəfəsli, bahar təravətli bayramın xalqımızın həyatında mühüm hadisəyə çevrilməsi Azərbaycan qadınının cəmiyyətimizin müasir simasının müəyyənləşməsində əhəmiyyətli yerinin və ictimai mövqeyinin göstəricisi və nəticəsidir.
Əziz və mehriban xanımlar!
Sizi 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə uzun ömür, möhkəm cansağlığı, süfrələrinizə bol ruzi-bərəkət, ömrünüzə səadət dolu illər, ölkəmizin tərəqqisi və gələcək inkişafı naminə gənc nəslin qədim ənənələrimizə, milli məfkurə və dövlətçilik ideallarına sədaqət ruhunda tərbiyəsi istiqamətindəki gərgin və yorulmaz fəaliyyətinizdə yeni uğurlar arzulayıram.