picture

“Çağdaş Azərbaycan ədəbi qurumlarının inkişafına dəstək” layihəsi çərçivəsində

Azərbaycan Yazıçılar İttifaqı 1934-cü il iyunun 13-də Bakıda Azərbaycan yazıçılarının I qurultayında yaradılmışdır. O vaxta qədər Azərbaycan yazıçıları ayrı-ayrı ədəbi birləşmələrin tərkibində fəaliyyət göstərirdilər. 1923-cü ildə Azərbaycan yazıçılarını bir təşkilatda birləşdirmək zərurəti meydana çıxarkən bir neçə yazıçı çap etdirdikləri müraciətdə “Türk ədib və şairlər ittifaqı dərnəyi” təsis etdiklərini bildirdilər. Həmin ədəbi birlik “İldırım” adlanırdı. “Qızıl qələmlər” ədəbi cəmiyyəti də təxminən bu dövrlərdə formalaşmış, öz ətrafına gənc ədəbi qüvvələri toplamışdı. Bu cəmiyyət əsaslı və ədəbi təşkilat kimi 1925-ci il dekabrın 25-də Bakıda yaradıldı, ədəbi dərnəkləri öz ətrafında birləşdirdi. “Qızıl qələmlər” cəmiyyəti tez-tez müşavirələr, ədəbi gecələr, görüşlər, məruzələr təşkil edir, tədbirdər həyata keçirirdi. “Maarif və mədəniyyət” jurnalında, “Kommunist” və “Gənc işçi” qəzetlərində müntəzəm verilən ədəbi materiallar, “Qızıl qələmlər”, “Oktyabr alovları” almanaxları və ayrı-ayrı məcmuələr ədəbiyyatın təbliğinə, kütləvi surətdə yayılmasına xidmət edirdi. 1927-ci il iyul ayının əvvəllərində Azərbaycan yazıçılarının birinci ümumi yığıncağında bütün ədəbi qüvvələri bir təşkilat ətrafında birləşdirmək qərara alındı. Beləliklə, Azərbaycan Yazıçılar Cəmiyyətinin müvəqqəti idarə heyəti yarandı. Bakıda Ümumazərbaycan yazıçılarının birinci (13.01.1928) və ikinci qurultayı (20.X.1929) çağrıldı.
ÜİK(b)P MK-nın ədəbi-bədii təşkilatların yenidən qurulması haqqında 1932-ci il 23 aprel tarixli qərarından sonra Azərbaycan Yazıçılar Cəmiyyətinin yenidən qurulması haqqında təşkilatı tədbirlər görüldü və Azərbaycan Yazıçılar İttifaqı yaradıldı