8a447bbbf465

Əhməd Vəliyev – 67
Bu gün Odlar Yurdu Universitetinin rektoru, Milli Məclisin III (2005-2010) və IV (2010-2015) çağırış deputatı, Fizika-riyaziyyat elmləri doktoru, Professor, “Şöhrət” ordenli, Amerika Riyaziyyatçıları Cəmiyyətinin və Nyu-York Elmlər Akademiyasının üzvü Sosial və pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü olan Əhməd Vəliyevin doğum günüdü.
Əhməd Vəliyev 1949 – cu il noyabrın 29 – da Qazaxın Alpout kəndində anadan olub. 1964-cü ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin “Mexanika-riyaziyyat” fakultəsinə daxil olub, ali təhsilini başa vurduqdan sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun riyaziyyat kafedrasında laborant, baş laborant, laboratoriya müdiri, müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb.
1990 – 1997 ci illərdə Əhməd müəllim elmi fəaliyyətini davam etdirmişdi, Bakı Sənaye-Pedaqoji texnikumunun direktoru vəzifəsində işləmişdi. 1995-ci ildə isə direktoru olduğu texnikumun bazasında Odlar Yurdu Universitetini yaradır. Əhməd Vəliyev Fizika-riyaziyyat elmləri namizədi, Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru (Ph.D), Fizika-riyaziyyat üzrə Elmlər doktoru elmi dərəcələrini və dosent, professor elmi adlarını alıb.
Beynəlxalq elmi fəaliyyətində də uğur qazanan Əhməd müəllim Amerika Riyaziyyatçıları Cəmiyyətinin və Nyu-York Elmlər Akademiyasının üzvü, Sosial və pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü və yeni təhsil texnologiyalarının tətbiqindəki nailiyyətlərinə görə Fransa İqtisadiyyatına Yardım Assosasiyasının qızıl medalına layiq görülüb.
Əhməd Vəliyev ixtisası üzrə əllidən çox elmi məqalə, bir elmi monoqrafiya, onlarla dərslik və dərs vəsaitinin, eyni zamanda möhtərəm prezidentimiz cənab İlham Əliyevin hələ prezident olmadığı zamanda onun gələcək siyasi taleyi, təkcə Azərbaycan üçün yox, dünya siyasi arenasında tutacağı yüksək mövqe, qazanacağı uğurlar haqqında proqnoz verdiyi siyasi publisistika janrında yazılmış “Bəsirət ünvani” adlı kitabın müəllifidi. Kitab latın və ərəb qrafikası ilə Azərbaycan dilində, Prezident seçkiləri qabağı 2003-cü ildə ingilis dilində çap olunub. Bundan başqa Azərbaycanın birinci xanımı, YUNESKO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva haqqında “Adının sahibi” kitabının da müəllifidi.
Elmi fəaliyyəti ilə bərabər siyasi fəaliyyətini də davam etdirən Əhməd Vəliyev III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib. Milli Məclisin Elm və Təhsil məsələləri daimi komitəsinin üzvüdü. Eyni zamanda Azərbaycanla Almaniya, Litva, Çexiya, Türkiyə, Şimali İrlandiya, Gürcüstan Parlamentlərarası dostluq qrupunun üzvü və Cənubi Afrika dostluq qrupunun rəhbəridi.
Əhməd Vəliyev təkcə təhsil ocaqlarında elmi davamçılarını yetişdirməyib. Övladları da elmi seçərək, uğur qazanıblar. Böyük oğlu Samir Vəliyev ölkənin ən gənc hüquq elmləri doktoru və professoru, qızı Vəfa Vəliyeva həkim, doktorant, kiçik oğlu Munir Vəliyev isə iqtisadçı, iqtisadiyyat üzrə fəlsəfə doktorudu.
Elmi fəaliyyəti İlham Əliyev tərəfindən qiymətləndirilən Əhməd Vəliyev 25 noyabr 2016-cı il tarixli Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunub. Həm gözəl ata, həm də qayğıkeş baba olan Əhməd müəllimin 8 nəvəsi var.
Əhməd Vəliyevi rektoru olduğu “Odlar Yurdu” universitetində çox sevirlər. Çünki o hər tələbənin qayğısı ilə maraqlanır. Odlar Yurdu Azərbaycanın bütün qəlbi ilə sevən Əhməd müəllimi təbrik edir, daha böyük uğurlar arzulayırıq!