“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
Mən həmişə özgüvən duyğumun yetərincə olmamasından əziyyət çəkmişəm.
Elə bilmişəm ki, nə etsəm, nə danışsam, mütləq alternativ variantı vardır. Bu variant isə ancaq və ancaq peşmanlıq gətirir və böyük hərflərlə hər addımda qarşıma “KAŞ” yazır. Amma o, elə deyil. Etdiklərinin, dediklərinin, hətta, gülüşünün və kədərinin də arxa fonunda bir əminlik vardır. Mənə bugün üçün “yanlışlarımla da qürur duyuram, çünki mənimdir” – dedirdəcək bir özgüvəni qazandıran ikinci adamdır.
Hekayələrimin birində onun obrazını yaratmaq istərdim. Bunu bacaracağıma əmin olmaq istəyirəm. O, diqqətini çəkən ədəbi imzanı arayır-axtarır, kitabını tapır, pul verib alır, günlərlə oxuyur, analiz edir, fikirlərini məqalə şəklində mətbuatda çap etdirir, sonra pul verib həmin mətbuat vasitəsini də (jurnal, qəzet, almanax) alır, aparır müəllifin özünə hədiyyə edir. Bəhs etdiyim ədəbiyyat sevdalısı Gülnar Səmadır. Onunla bağlı xatirələrim çoxdur, lap çox.
Müxtəlif zamanların müxtəlif kadrlarında gözlərimin önündə həmişə bir GÜL sözü var. Mən ona elə beləcə də müraciət edirəm: A GÜL!
2016-cı ildə “aybKitab” layihəsində çap olunan üçüncü kitabına da bu adı verdi Gülnar Səma: “GÜL”. O kitabın hər vərəqinin elektron variantını görmüşdüm, çapını necə qəribə bir həvəslə gözləyirdim. Keçirilən təqdimatların heç birində isə iştirak edə bilmədim. Anam demiş, “bəzən nəyisə nəyəsə qurban vermək lazım gəlir”. Yox, mən “Gül”ü heç nəyə qurban vermədim, sadəcə onu zamana sığdıra bilmədim. Aprel ayında çap olunan kitab mənə ad günümdə – iyulun 22-də hədiyyə olundu. Ən gözəl hədiyyəm idi. Birnəfəsə oxudum kitabı. Tanış misralar idi. “Çobanaldadan” şeirini çox sevirəm. O şeiri ilk dəfə “Ədəbiyyat qəzeti”ndə oxuyanda Gülnar Səmaya bir məktub da yazmışdım.
Adətən, əlimə düşən kitabları oxuyub bitirincə şəxsi kitabxanamdakı kitabların yanına (utanaraq deyim ki, karton qutulara) qoyuram. Nə sirrdisə, “GÜL” hələ də şkafın üstündən mənimlə “söhbətləşir”. Arada götürüb vərəqləyirəm, sevdiyim və əzbər bildiyim misraları tapıram, onları bir də oxuyuram, sonra kitabı örtüb yerinə qoyuram, başlayıram zümzümə etməyə. Gülnar deyir ki, “nazıyla oynadım ayrılıqların”. Sonra da özgüvənini belə sərgiləyir: “Ayrılıq mənimçün həyat tərzidi”.
Mənim şeirlərimin əksəriyyətində sevənin iztirabları var. Gülnarın bir şeirinə rast gəldim, orda sevgidən şikayətlənən poetik obrazın cavabı çox orijinal şəkildə verilir:
Nə olsun ki, bacarmıram,
Ürəyimcə sevməyi də…
Sən sevdin, dəyişdin nəyi?!
Gülnarın şeirində folklora müraciət çoxdur. Bu, yenilik deyil. Xalqımızın ədəbiyyata sevgiylə yanaşması, hər addımda bir söz qoşulması sevindirici və qürurvericidir. Və ədəbiyyat tariximizdə xalq örnəklərindən qaynaqlanaraq yaradılan əsərlər də az deyil. Lakin Gülnarın şeirlərində folklor nümunələrindən birbaşa istifadə olunmur. Sanki xalqımızın söz xəzinəsinə işarə olunur. Bu işarələnmə və onun yaratdığı bədii nümunələr fərqlilikdi. İnanıram ki, ədəbiyyatımızın tədqiqatçıları mütləq bu fikrimə diqqət ayıracaqlar. Fikrimi əsaslandırmaq üçün Gülnarın misralarından misal da gətirirəm:
Gündə bir yol bostanına daş ataq,
Qoy həftələr, aylar bizdən danışsın.
lll
Bir sevgi nəğməsi zümzümə etdin,
Düşdü həyatının qu tərəfinə.
lll
Bir qız vardı bizim kənddə,
Reyhan kimi gözü qara.
lll
Türkanə sevgi görər,
Bütün nəlvə-nəsilin.
lll
Nux ulular misdən gümüş yapmadı.
Qəribə bir nüans da var ki, çox adam Gülnarı şair kimi yox, ədəbiyyatşünas kimi tanıyır. Bu, məndə qıcıq oyadır. “Qayıtma”, “Ki”, “Deyilmi?!”, “Bir qız”, “Var” kimi şeirlərin müəllifini tanınamaq, ən azından, ədəbiyyat tariximizin çağdaş səhifəsində öz imzasının varoluşuna çalışan gənclər üçün günahdır. Bu günahı yumağın tək bir yolu var: “GÜL”ü oxumaq!
“Ulduz” jurnalının may nömrəsində isə Gülnar Səma məni əməlli-başlı təəccübləndirməyi bacardı. “Ayrılıq bəhanəsi” adlı şeiri oxuyandan sonra onun bir şair kimi hansı gücə sahib olduğuna və mənim indiyədək bunu dərk etməməyimə, sadəcə, heyrətləndim. O şeirdə Gülnar yazır ki:
Səbəbsiz bəhanələrin
Nəticəsini alqışlamaqdan başqa
Seçimin qalmır.
Yox, əgər hələ bəhanələr qalıbsa,
Onda, bu, ayrılıq olmur.
İstərdim ki, Gülnar Səma haqqında çox yazım. Lap çox… Amma hərdən demək istədiklərin qaçıb ürəyinə sığınır, orda elə kövrəkcəsinə boyun bükürlər ki, tərpətməyə qıymırsan. Nə deyim… Bacarsam, mütləq və mütləq hekayələrimin birində “Gül və onun “GÜL”ü” haqqında yazacağam. Tanrı nəsib etsin!
Gəncə