Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə Xalq rəssamı Səttar Bəhlulzadənin 115 illiyinə həsr olunmuş “Tablolarda nağıllar” adlı gənc rəssamların yaradıcılıq müsabiqəsi keçirilir.
Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
“Azərbaycanın xalq nağılları təsviri sənətdə” mövzusunda keçirilən müsabiqədə 18-30 yaş arası gənc rəssamlar iştirak edə bilər. Rəssamların Azərbaycanın şifahi xalq ədəbiyyatından götürülmüş müxtəlif epizodların (hadisələrin), obrazların əks olunduğu əsərləri qəbul ediləcək.
İştirakçılardan müsabiqə-sərgiyə təqdim edəcəkləri işlər haqqında məlumatları 2024-cü il noyabrın 25-dək sergimusabiqe@gmail.com elektron ünvanına göndərmələri xahiş olunur.
Mövzu üzrə hazır, orijinal əsərlər haqqında dəqiq məlumatlarda – əsərin fotosu, müəllifin ad və soyadı, təvəllüdü, əlaqə nömrəsi, əsərin adı, ölçüsü, texnikası, həmçinin əsərin yaradılma ili qeyd edilməlidir. Əsərlər tək-tək göndərilməli, məlumatlar dolğun olmalıdır.
Seçim üçün elektron ünvana məlumat göndərən rəssamlardan əlaqə nömrələrini qeyd etmələri xahiş olunur. Rəsm müsabiqə-sərgisinə hər bir iştirakçı 2 rəsm işi göndərə bilər. Orta və böyük ölçülü əsərlərə üstünlük veriləcək (Məsələn: 60×70, 70×90, 100×100 sm və s.). Əsərlərin səliqəli və çərçivələnmiş olması vacibdir.
Bildirilib ki, əsərlərin ilkin seçim mərhələsi onlayn qaydada aparılacaq. Daha sonra seçilmiş əsərlərdən müsabiqənin qaliblərinin müəyyənləşdirilməsi professional rəssamlardan ibarət münsiflər heyəti tərəfindən həyata keçiriləcək.
Əsəri sərgilənən hər bir iştirakçıya sertifikat, qaliblərə isə diplom və dəyərli hədiyyələr (birinci, ikinci və üçüncü yer üçün) təqdim olunacaq.
Seçilmiş əsərlər 2024-cü il dekabrın 6-dək sərginin keçiriləcəyi ünvana çatdırılmalıdır.
Mənbə: https://azertag.az/