İstanbul, 11 oktyabr, Günel Karatepe, AZƏRTAC

Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə qardaş ölkənin İzmir və İstanbul şəhərlərində “Azərbaycan mədəniyyət və sənət günləri” keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Azərbaycan günləri Mədəniyyət Mərkəzinin fəaliyyətinin əsas istiqaməti olan milli mədəniyyətimiz, tariximiz, ədəbiyyatımız və Azərbaycan dilinin Türkiyənin bölgələrində geniş təbliği, habelə mədəni əlaqələrimizin daha da möhkəmləndirilməsinə dəstək məqsədilə təşkil olunan silsilə tədbirlər çərçivəsində baş tutacaq.

Oktyabrın 15-də İzmirdə keçiriləcək “Azərbaycan mədəniyyəti və sənəti günü” çərçivəsində Mötbe Mədəniyyət Mərkəzinin sərgi zalında milli mədəniyyətimizə, eləcə də suvenirlər, əl işləri və milli geyimlərə dair sərgi təqdim olunacaq.

Bununla yanaşı, Bakı Milli Geyim Evinin kolleksiyasına aid tarixi Azərbaycan geyimlərinin moda sərgisi olacaq. Milli geyimlərimiz türkiyəli gənclər tərəfindən təqdim edəcək.

Mötbe Mədəniyyət Mərkəzinin konsertlər sarayında konsert proqramı təqdim ediləcək.

“Azərbaycan mədəniyyət və sənət günləri” oktyabrın 17-də İstanbulda davam edəcək. İstanbulun Atatürk Mədəniyyət Mərkəzində Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasına aid, muzeyin mütəxəssisi, Azərbaycan Rəssamlar İttifaqının üzvü Elnarə Rəsulovanın əl işi olan xalçaların sərgisi açılacaq və bir həftə davam edəcək.

Bununla yanaşı, Atatürk Mədəniyyət Mərkəzinin sərgi zalında Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya şöbəsinin müdiri dosent Gülzadə Abdulovanın kolleksiyasına aid geyimlər sərgilənəcək, Azərbaycan xanımlarının tarixi paltarları, onların özünəməxsus naxışları podiumda təqdim olunacaq.

Tədbir çərçivəsində azərbaycanlı sənətçilərinin iştirakı ilə konsert proqramı nəzərdə tutulur.

Hər iki şəhərdə təşkil olunacaq konsert proqramlarında həm Azərbaycandan gedən, həm də Türkiyədə yaşayan azərbaycanlı incəsənət ustaları, milli musiqi alətlərinin ifaçıları, habelə Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan Xalq Rəqsləri Ansamblı”nın iştirakı ilə hazırlanan bədii gecədə milli musiqilərimiz və rəqslərimiz ifa olunacaq.

Mənbə: https://azertag.az/