Yanvarın 18-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin konfrans zalında “20 Yanvar – tarixdə bu gün…” adlı elmi-praktik seminar keçiriləcək.
Qoruq İdarəsindən AZƏRTAC-a bildirilib ki, tədbir Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin 4 yanvar tarixli sərəncamı ilə təsdiq olunmuş “20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na və qurumun elm şöbəsinin “İllik iş planı”na əsasən təşkil ediləcək.
Tərtib olunmuş proqrama əsasən filologiya üzrə fəlsəfə doktoru İradə Musayevanın moderatorluğu ilə keçiriləcək tədbirdə Qoruq İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov, İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Ofeliya Əfəndiyeva, tarix üzrə elmlər doktoru Vəfa Quliyeva, “İçərişəhər” Muzey Mərkəzinin əməkdaşı Sevda Məmmədova və 20 Yanvar faciəsinin şahidi Gülüş Mursakulova məruzələrlə çıxış edəcəklər.
Tədbirdə, həmçinin 20 Yanvar faciəsinə həsr olunmuş film nümayiş olunacaq və Respublika İncəsənət Gimnaziyası şagirdlərinin ifasında kompozisiya təqdim ediləcək.
Mənbə: https://azertag.az