
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan ədəbiyyatının və mətbuatının tanınmış nümayəndəsi, şair, yazıçı, publisist, jurnalist, Əməkdar mədəniyyət işçisi Tofiq Abdinin 85 illik yubileyi münasibətilə “Sözün və mətbuatın fədakar xadimi” adlı biblioqrafik icmal hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, vəsait Tofiq Abdinin həyat və yaradıcılıq yolunun, ədəbi-publisistik fəaliyyətinin, Azərbaycan mətbuatına və ədəbiyyatına verdiyi töhfələrin daha geniş auditoriyaya çatdırılması məqsədilə hazırlanıb.
Biblioqrafik icmalda Tofiq Abdinin həyat və yaradıcılığı ilə bağlı əsas məlumatlarla yanaşı, rəsmi sənədlər, görkəmli şəxsiyyətlərin onun haqqında söylədikləri dəyərli fikirlər təqdim olunur. Vəsaitə akademik Rafael Hüseynovun “Həminki Tofiq Abdin”, pedaqogika üzrə fəlsəfə elmləri doktoru, dosent Allahverdi Eminovun “Tofiq Abdini yad edərkən”, yazıçı-publisist Sevinc Mürvətqızının “Tofiq Abdinin ötərgi qorxuları və əbədi ömrü” adlı məqalələrinin tam mətnləri də daxil edilib.
Kitabxana əməkdaşları tərəfindən hazırlanan vəsaitin mühüm bölmələrindən birini Tofiq Abdinin kitablarının biblioqrafik icmalı təşkil edir.
“Sözün və mətbuatın fədakar xadimi” adlı biblioqrafik icmal Tofiq Abdinin zəngin yaradıcılıq irsinin sistemləşdirilməsi, onun haqqında mövcud ədəbiyyat və dövri mətbuat materiallarının bir araya gətirilməsi baxımından əhəmiyyətli mənbədir. Vəsait ədəbiyyatşünasların, tədqiqatçıların, mətbuat işçilərinin, tələbə və gənclərin istifadəsi üçün nəzərdə tutulub. Biblioqrafik icmal kitabxananın rəsmi saytında https://www.ryl.az/funds/biblioqrafik-icmal yerləşdirilib.
Mənbə: https://azertag.az/