Bəzən səyahət bir həftə, bəzən isə cəmi bir gün davam edir. Lakin məhz qısa səfərlər bəzən ən uzunmüddətli xatirələr yaradır.

Şımkentdən Türküstana yolumuz səhər tezdən başladı. Avtomobilin pəncərəsindən görünən ucsuz-bucaqsız Qazaxıstan çölləri Günəşin ilk şüaları altında tədricən oyanırdı. Üfüq səma ilə birləşir, külək düzənlikdə sərbəst dolaşır, zaman isə sanki öz adi mənasını itirirdi. Elə bil yol bizi sadəcə bir şəhərdən digərinə deyil, əsrlərin içindən – Türk dünyasının ortaq tarixinin başlanğıcına aparırdı.

Düzünü desəm, Türküstana yola düşərkən zəngin keçmişə və məşhur memarlıq abidələrinə malik qədim şəhər görəcəyimi gözləyirdim. Lakin bir neçə saat sonra başa düşdüm ki, Türküstana yalnız turizm məkanı kimi yanaşmaq mümkün deyil. Türküstanı yalnız görmək yox, həm də hiss etmək lazımdır.

Burada zaman başqa cür axır. O, tələsmir və sanki səni də addımlarını yavaşlatmağa dəvət edir.

Arıstan-Bab məqbərəsi: məna ilə dolu sükut

Yolumuzun ilk dayanacağı qədim Otrar şəhərinin yaxınlığında yerləşən Arıstan-Bab məqbərəsi oldu. Müqəddəs məkana aparan yol ucsuz-bucaqsız çöl ərazilərindən keçir və burada bu torpağın miqyası xüsusilə aydın hiss olunur. Məqbərəyə yaxınlaşdıqca ətrafdakı sükut daha da dərinləşir və insan öz düşüncələrinə daha diqqətlə qulaq asmağa başlayır.

Arıstan-Babın adı çoxsaylı rəvayətlərlə əhatə olunub. Bölgənin mənəvi ənənəsində bu, böyük sufi mütəfəkkir və şairi Xoca Əhməd Yəsəvinin mürşidi kimi ehtiramla yad olunur. “Bab” sözü özü də mənəvi yol göstərən, müəllim, insanı idrak yoluna yönəldən şəxs mənasını verir.

Ən məşhur rəvayətlərdən birinə görə, Məhəmməd peyğəmbər səhabələrinə müqəddəs əmanəti – Cənnətdən gətirilmiş xurmanı bir neçə əsr sonra dünyaya gələcək və onun mənəvi təlimini davam etdirəcək şəxsə çatdırmağı tapşırıb. Bu tapşırığı yerinə yetirməyi Arıstan-Bab öz üzərinə götürüb.

Rəvayətə görə, dörd yüz il sonra çöldə onun yanına yeddi yaşlı bir oğlan yaxınlaşaraq özünə çatdırılması nəzərdə tutulan əmanəti geri istəyib. Bu oğlan gələcəkdə Xoca Əhməd Yəsəvi kimi tanınacaq şəxs olub. Beləliklə, Arıstan-Bab onun mürşidinə çevrilib, əmanətin ötürülməsi əhvalatı isə nəsilləri və dövrləri birləşdirən mənəvi varisliyin rəmzinə çevrilib.

Məqbərənin qədim divarları yaxınlığında şəhər həyatının səs-küyü demək olar ki, eşidilmir. Burada yalnız çöl küləyinin vıyıltısı, quşların səsi və ziyarətçilərin boğuq səsləri duyulur. Hətta ən çox danışan turistlər belə burada istər-istəməz pıçıltı ilə danışmağa başlayırlar, sanki bu məkanın xüsusi ab-havasını pozmaqdan çəkinirlər.

Bura yalnız zəvvarlar deyil, çoxəsrlik tarixə toxunmaq istəyən səyyahlar da gəlirlər. Bəziləri həyatlarının mühüm hadisəsi ərəfəsində xeyir-dua diləyir, digərləri dualarının qəbul olunmasına görə şükür edir, başqaları isə daxili rahatlıq və heç olmasa qısa müddətə özü ilə baş-başa qalmaq imkanı axtarırlar.

Kompleksin ərazisində yerləşən quyu ziyarətçilərin xüsusi diqqətini çəkir. Yerli inanca görə, onun suyu müqəddəs sayılır və insana mənəvi və fiziki təmizlənmə gətirə bilər. Lakin burada mütləq vurğulanır ki, Uca Yaradana təmiz niyyətlə və səmimi dua ilə müraciət etmək lazımdır.

Təsadüfi deyil ki, əsrlər boyu nəsildən-nəslə belə bir ənənə ötürülür: Xoca Əhməd Yəsəvinin məqbərəsinə getməzdən əvvəl onun mənəvi mürşidi Arıstan-Babın xatirəsinə ehtiram göstərmək lazımdır.

Bu məkanı tərk edərkən onun sükutu uzun müddət insanın daxilində qalır. Bu sükut boş görünmür, əksinə, əsrlər boyu bura gələn insanların hekayələri, duaları və gözlə görünməyən varlığı ilə doludur.

Keçmişin gələcəklə qovuşduğu şəhər

Ucsuz-bucaqsız çöldən sonra Türküstan bizi geniş prospektləri, yeni hotelləri, abadlaşdırılmış meydanları və müasir memarlığı ilə qarşılayır. Lakin yeni şəhər məkanlarının arasında belə burada qədimlik hissi itmir.

Keçmiş Türküstanda muzey vitrinləri arxasında gizlənmir – bu günün yanında yaşamaqda davam edir.

Bəlkə də, ən çox təəccüb doğuran məhz bu vəhdətdir. Müasir binalar əsrlərin sınağından çıxmış abidələrlə yanaşı yerləşir, yeni turizm məkanları isə böyük mənəvi mürşidlərin adları ilə bağlı yerlərin bilavasitə yaxınlığında salınır. Şəhər gələcəkdən imtina etmədən öz tarixinə hörməti qoruyub saxlaya bilib.

Türküstan Türk dünyasının mənəvi paytaxtı adlandırılır. Əsrlər boyu Böyük İpək Yolunun marşrutları bu torpaqlardan keçib. Burada tacirlərin və səyyahların yolları kəsişib, dillər, mədəniyyətlər və ənənələr bir araya gəlib. Bu gün isə bura zəvvarlar, alimlər, tarixçilər, səyyahlar və türk sivilizasiyasının ortaq köklərinə toxunmaq istəyən hər kəs gəlir.

Türküstanın ürəyi

Şəhərin ürəyi Xoca Əhməd Yəsəvinin məqbərəsidir. Bu möhtəşəm tikili ilk dəfə qarşında göründükdə insan istər-istəməz addımlarını yavaşladır.

Uzaqdan onun nəhəng portalı xüsusilə diqqəti cəlb edir. Böyük kərpic tikili sanki çölün torpağından ucalır, firuzəyi günbəzlər isə torpağın qızılı-qumlu çalarları ilə kəskin təzad yaradır. Yaxınlaşdıqca tikilinin miqyasını daha güclü hiss edirsən.

Fotolarda məqbərə möhtəşəm görünür, lakin yalnız qarşısında dayandıqda onun əsl ölçülərini anlayırsan. Monumental portalın yanında dayanan insan fiqurları olduqca kiçik görünür. Bu, artıq təkcə memarlıq deyil – əbədiyyət haqqında təsəvvürü daşda ifadə etmək cəhdidir.

Xoca Əhməd Yəsəvi XII əsrin görkəmli sufi şairi, mütəfəkkiri və mənəvi mürşidi olub. Onun təlimi Mərkəzi Asiyanın türk xalqları arasında İslam mədəniyyətinin yayılmasında mühüm rol oynayıb. O, insanlara onların başa düşdüyü türk dilində müraciət edir, bununla da mürəkkəb mənəvi düşüncələri sadə xalq üçün yaxın və anlaşılan edirdi.

Məqbərə XIV əsrin sonu – XV əsrin əvvəllərində Əmir Teymurun əmri ilə sufi mütəfəkkirin daha sadə məqbərəsinin yerində inşa edilib. Onun tikintisi 1389-1405-ci illərdə davam edib və Teymurun ölümündən sonra dayandırılıb. Buna görə də binanın bəzi hissələri tamamlanmamış qalıb. Məhz burada ustalar sonralar Səmərqənddəki tikililərin inşası zamanı istifadə olunan memarlıq və mühəndislik həllərini sınaqdan keçiriblər. Bu gün məqbərə Teymurilər dövrünün ən böyük və ən yaxşı qorunub saxlanmış abidələrindən biri hesab olunur. Lakin tarixi faktlar sonradan yada düşür. İlk təəssürat daha əvvəl – firuzəyi günbəzlər, qədim divarlar və möhtəşəm portal qarşında göründüyü anda yaranır.

Məqbərənin içərisində ab-hava dəyişir. Parlaq Günəşdən və çölün açıq məkanından sonra sərin, yarıqaranlıq otaqlara düşürsən. Səslər azalır, addımlar isə yüngül əks-səda verir.

Kompleks dini, ictimai və memorial həyatla bağlı onlarla məkandan ibarətdir. Burada yalnız Xoca Əhməd Yəsəvinin xatirəsi deyil, bir neçə əsrin tarixi də qorunur. Müxtəlif dövrlərdə məqbərə mənəvi mərkəz, ziyarət və zadəganların dəfn olunduğu məkan, həmçinin regionun mədəni birliyinin rəmzi olub.

2003-cü ildə Xoca Əhməd Yəsəvinin məqbərəsi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Lakin içəridə olarkən rəsmi statuslar və ifadələr barədə az düşünürsən. Başqa bir hiss daha güclü olur: əsrlər boyu insanlar bura öz ümidləri, itkiləri, arzuları və minnətdarlıqları ilə gəliblər. Hər nəsil burada özünün görünməz izini qoyub.

Məqbərənin qarşısında daha uzun müddət qalmaq, Günəş işığının kərpic divarların çalarlarını necə dəyişdirdiyini və günbəzlərin üzərində quşların necə dövrə vurduğunu seyr etmək istəyirsən.

“Karvan-Saray”: əfsanələrin canlandığı məkan

Qarşıda bizi daha bir görüş gözləyirdi – bu dəfə qədim İpək Yolunun müasir yozumu ilə.

“Karvan-Saray” turizm kompleksi ziyarətçini sanki Şərq nağılına aparır. Memarlıq, kanallar, körpülər, rahat küçələr, kafelər, restoranlar, mağazalar və axşam tamaşaları XXI əsrin dili ilə yenidən düşünülmüş qədim karvan şəhəri təsəvvürü yaradır.

Xoca Əhməd Yəsəvinin məqbərəsi insanı əsrlərin sükutuna qərq edirsə, “Karvan-Saray” tarixi motivlərin necə yeni həyat qazana biləcəyini göstərir. Burada keçmiş olduğu kimi təkrarlanmır – ondan ilham alınır və Böyük İpək Yolunun irsi müasir turizm məkanına çevrilir.

Kompleksin ən diqqətçəkən məkanlarından biri Qazaxıstan üzərində virtual səyahət etməyə imkan verən “Altyn Samuryq” “uçan teatrı” – multimedia attraksionudur.

Seans başlamazdan əvvəl tamaşaçılar xüsusi hərəkətli platformada yerləşdirilir. Daha sonra oturacaqlar yuxarı qalxır və qarşıda nəhəng ekran açılır. Oturacaqların rəvan hərəkəti, həcmli səs, hava axınları və digər xüsusi effektlər əsl uçuş hissi yaradır. Bir neçə dəqiqə ərzində tamaşaçıların qarşısında qarlı zirvələr, ucsuz-bucaqsız çöllər, kanyonlar, göllər, qədim şəhərlər və Qazaxıstanın müasir meqapolisləri bir-birini əvəz edir. Artıq baş verənləri kənardan sadəcə izləmirsən, sanki özün ölkənin üzərində uçur, onun təbii və mədəni zənginliyini yüksəklikdən kəşf edirsən.

Müasir Türküstanın özünəməxsusluğu da məhz bundadır, belə ki, burada texnologiyalar tarixi sıxışdırıb çıxarmır, əksinə, onun haqqında yeni dildə danışmağa kömək edir.

İnsanın qəlbində iz buraxan şəhər

Axşama doğru Türküstan dəyişir. Günün istisi tədricən sərinliyə çəkilir, küçələr uşaqlı ailələr, gənclər və turistlərlə dolur. Fənərlərin işığı binaların divarlarına yumşaq şəkildə düşür, müasir fəvvarələr və meydanlar isə görüşlər və sakit gəzintilər üçün məkanlara çevrilir.

Şəhərə xüsusi ab-hava verən onun sakinləridir. Burada bir neçə məhəllə keçib səmimi təbəssümlə qarşılaşmamaq və ya xoş yol arzusu eşitməmək, demək olar ki, mümkün deyil. Elə təsəvvür yaranır ki, qonaqpərvərlik burada belə qəbul edildiyi üçün deyil, başqa cür davranmağı sadəcə bacarmadıqları üçün mövcuddur.

Elə şəhərlər var ki, gözəl fotoları ilə yadda qalır. Elələri də var ki, yaddaşda yerli mətbəxinin dadı və ya canlı küçələrinin səs-küyü ilə qalır. Bir də Türküstan var – insanın daxilində qalan şəhər. Uca səslə ifadə olunan təəssüratlarla deyil, heyrətamiz daxili sakitlik hissi ilə yadda qalır.

Adətən qədim şəhərlər sanki xatirələrlə yaşayır. Türküstan isə keçmişlə əlaqəsini itirmədən gələcəyə doğru yönəlib. Yəqin ki, ən çox heyrətləndirən də məhz bu vəhdətdir.

Bir vaxtlar Kaşğarda da məndə buna bənzər hiss yaranmışdı. O zaman mənə elə gəlirdi ki, Böyük İpək Yolu heç də yox olmayıb, sadəcə marşrutlarını dəyişib. Türküstanda bu hiss yenidən qayıtdı.

Buradan ayrılarkən isə özünü qəribə bir hissə qapılmış görürsən, sanki burada cəmi bir neçə saatdan çox vaxt keçirmisən. Çünki bəzi şəhərləri zamanla deyil, onların insanın qəlbində buraxdığı izlə ölçürlər…

Mənbə: https://azertag.az/