Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş Əməkdar artist Yaqub Zurufçu vəfat edib.
Bunu AZƏRTAC-a “Yeni Klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov deyib.
Məlumata əsasən, Əməkdar artistin həyatını xilas etmək cəhdləri nəticə verməyib: “Yaqub Zurufçu bu gün təxminən saat 17 radələrində vəfat edib”.
Qeyd edək ki, Yaqub Zurufçu 1956-cı ildə aprelin 8-də Təbriz şəhərində anadan olub. O, 15 yaşında Təbrizin Milli Televiziyasında ilk dəfə çıxış edərək “Evləri var xana-xana”, “De gülüm gəlsin ay nənə”, “Dilbər” mahnısını ifa edib. 1989-cu ildə Gülağa Məmmədovun dəvəti, “Vətən” cəmiyyətinin köməyi ilə ilk dəfə Azərbaycana gələn müğənni 2009-cu ildə “Azərbaycan Respublikasının Əməkdar artisti” adına layiq görülüb.
Mənbə: https://azertag.az/