Lütviyyə Əsgərzadə

İstəyirəm bu yazımı sözün müqəddəsliyi və insanın şeir yazmaq ehtiyacından başlayım, çünki şeir yazmaq ehtiyacının nə olduğunu bilirəm. Bəzən insan qafiyə-filan düşünmədən dəlicəsinə hisslərini, duyğularını, ağrılarını-əzablarını vərəqlərə yükləmək istəyir. Vərəqlər ağırlaşdıqca insan yüngülləşir.

İnsan övladının yaradılışından bəri söz onun həm özünüifadəsi, həm də varlıqla qurduğu ən səmimi ünsiyyət vasitəsidir. Lakin adi danışıq sözü gündəlik ünsiyyətə xidmət edirsə, poetik söz – şeir – insan qəlbinin adi kəlmələrə sığmayan sıxıntılarından, daxili təlatümlərindən və ruhun öz-özü ilə hesablaşmasından doğulur. İnsanı şeir yazmağa vadar edən əsas qüvvə nə qafiyə həvəsi, nə də şöhrət istəyidir; bu, qəlbdə yığılıb qalan sevincin və ya ağrının ağ vərəqlə bölüşmək zərurətidir.

Həqiqi şair üçün ağ vərəq sadəcə kağız parçası deyil, ruhun baş söykədiyi ən etibarlı sığınacaqdır. Müasir Aezərbaycan poeziyasında səmimi duyğuları, yaddaş ağrıları və dərin intellektual-fəlsəfi axtarışları ilə diqqəti cəlb edən Aysel Nəsirzadənin yaradıcılığı məhz bu səmimi ehtiyacın, qəlbin öz yaşantılarını sözə çevirmək zərurətinin məhsuludur.

Müasir Azərbaycan ədəbi mühitində şair, yazıçı, publisist və tərcüməçi kimi tanınan Aysel Nəsirzadə çoxşaxəli yaradıcılıq fəaliyyəti ilə seçilir. Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Azərbaycan Jurnalistlər Birliyinin (AJB) üzvü olan müəllif, həm də ədəbi mühitdə mühüm təşkilatçılıq missiyası daşıyan “Zərif Kölgələr” Ədəbiyyat klubunun təsisçisi və rəhbəridir.

Bakı Dövlət Universitetinin (BDU) Fəlsəfə fakültəsini bitirmiş şairənin peşəkar fəlsəfi təhsili onun poeziyasında hissiyyatla idrakın, poetik obrazla fəlsəfi kateqoriyaların (zaman, məkan, varlıq, “əksliklərin vəhdəti”, ruh və vücud azadlığı) üzvi şəkildə birləşməsini şərtləndirir. Şeirlərində əsasən, sevgi, ayrılıq, həsrət, tənhalıq, insanın daxili dünyası və qadın taleyi kimi mövzulara toxunan Aysel Nəsirzadənin indiyədək 5 kitabı işıq üzü görmüşdür. Müəllifin 2026-cı ildə “Kritika” nəşriyyatının poeziya seriyasından çap olunan “Gerisi nağıl” adlı şeirlər kitabı oxucular tərəfindən maraqla qarşılanmışdır. Bununla yanaşı, şairənin əsərləri qardaş Türkiyədə nəşr olunan “Hazar’dan Akdeniz’e Kadın Yazar ve Şairlerden Öykü ve Şiir Antolojisi” və “Günüm Geceyle Başlar”,  ”Türkmeneli” kimi nüfuzlu toplularda yer alaraq türk dünyası oxucularına təqdim edilmişdir.

Aysel Nəsirzadənin poetik yaradıcılığını dərindən anlamaq üçün ilk növbədə onun öz həyat tarixçəsini, uşaqlıq xatirələri ilə müharibə və köçkünlük faciəsinin kəsişdiyi nöqtəni əks etdirən şeirlərinə nəzər salmaq lazımdır. Onun “Bir çatdaquş tamıdı uşaqlığım…” sözləri ilə başlayan şeirinin birinci hissəsi müəllifin yaddaşında əbədi həkk olunmuş doğma yurd lövhələrini son dərəcə canlı və duyğusal detallarla canlandırır:

Bir çatdaquş tamıdı uşaqlığım,
Bir xınadaşı qoxusu
Bir “hökümətağacı” qorxusu.
Çardaqdan ulduzlara boylanan qayğısız baxışlar,
Məktəbli çantasında işlənməmiş bəzəkli say çubuqlar,
Müəllimdən gizlədilmiş qırmızı qələm.

Burada “çatdaquş tamı”, “xınadaşı qoxusu”, “çardaqdan ulduzlara boylanan baxışlar” və “işlənməmiş bəzəkli say çubuqlar” sadəcə uşaqlıq xatirələri deyil, doğma yurdun genetik yaddaş kodlarıdır. Hətta məktəbli çantasındakı say çubuqlarının “işlənməmiş” qalması belə o qayğısız günlərin qəfildən, yarımçıq qırılacağına bir işarədir. Şeirin dönüş nöqtəsi biləkdəki uşaq oyunu olan “diş saatı” ilə tarixi faciənin, məcburi köçkünlük həyatının toqquşmasıdır:

Bir də
Biləyimdə zamanı donduran “diş saatım”,
Bununla bitir uşaqlıq əhvalatım.
Sonra
Boz dumanlı havada qaçaqaç
Boğulmaqdan qurtulduğumuz Araz,
Arazın bu tayı dərd – ələm.
Və…
Uşaqlığını yaşamadan böyüməyə məhkum edilmiş mən.
Yoxdur başqa bir xatirəm.

“Biləyimdə zamanı donduran diş saatım” poetik tapıntısı yüksək fəlsəfi-psixoloji yük daşıyır. Uşaqların biləklərinə dişləyərək çəkdikləri o oyun saatı doğrudan da, müəllifin ömründə uşaqlıq zamanını dondurmuşdur. Ardınca gələn “boz dumanlı havada qaçaqaç” və “boğulmaqdan qurtulduğumuz Araz”, – misraları 1990-cı illərin əvvəllərində torpaqlarımızın işğalı zamanı Araz çayını keçərək didərgin düşən məcburi köçkünlərin ağrılı tarixi taleyini əks etdirir və fərdi uşaqlıq xatirəsini bütöv bir xalqın milli yaddaş səhifəsinə çevirir.

Uşaqlıq xatirələrinin yarımçıq qırılması və köçkünlük həyatının yaratdığı daxili sarsıntı Ayselin “Mən seçmədim göz yaşına əsirliyi…” şeirində özünün fəlsəfi-psixoloji davamını tapır:

Mən seçmədim göz yaşına əsirliyi,
Tale seçdi.
Ruhum göyərçin tək dar qəfəsdə
Kədər biçdi.
İndi gözəl nə düşünsəm, yanındadır kədər payım.
Sevinc heçdir.
Bilinmədi qaça-qovda uşaqlığım,
Gəncliyim də
Belə… keçdi.

Burada şairə kədərin onun şəxsi seçimi deyil, taleyin (qədərin) hökmüolduğunu vurğulayır. “Dar qəfəsdə kədər biçən göyərçin” metaforası azadlığından məhrum qalmış ruhun iztirabını, “Bilinmədi qaça-qovda uşaqlığım, / Gəncliyim də belə… keçdi”misraları isə müharibə və didərginlik illərinin insan ömründən təkcə uşaqlığı deyil, həm də gənclik illərini aldığını dərin ürək ağrısı ilə ifadə edir.

Aysel Nəsirzadənin poeziyasında fərdi yaşantılar, itki ağrısı və xatirələrin diriliyi müəllifin daxili, mənəvi bioqrafiyasını formalaşdırır. Onun “Vardır betərin betəri”şeiri şairənin öz qəlbində və yaddaşında yaşatdığı həyat hekayəsinin, ağrı ilə səbrin mübarizəsinin bədii təqdimidir.

Şeir şairənin yaradıcılıq prosesini və kədərin poetikləşmə anını təsvir edən təsirli misralarla başlayır:

Baş söykəyib ağ vərəqə
Şeir-şeir ağlayıram.
Misralardan köz götürüb
Ürəyimi dağlayıram.

            “Ağ vərəqə baş söykəmək” və “şeir-şeir ağlamaq” ifadələri Aysel Nəsirzadənin poeziyasının təbiətini tam açır: onun üçün şeir yazmaq kədərdən qaçmaq deyil, misralardan köz götürərək öz yarasını yenidən xatırlamaq və sözlə saflaşmaqdır. “Bəm görünən dərdlər zildir” təzadı isə zahirən sakit görünən insanın daxilində qopan fırtınanın dərinliyini göstərir. Şeirin ən kövrək yaddaş yükü daşıyan bəndində “darağının üstə qalan bir tel”adi məişət əşyası olmaqdan çıxaraq ayrılığın və əbədi xatirənin müqəddəs nişanəsinə çevrilir:

Darağının üstə qalan
Bir telini qoxlayıram.
Dünya beş günlük, ötəri,
Hər döngədə bir xətəri.

“Vardı betərin betəri”,-
Deyib bir az toxtayıram.

Dünyanın faniliyini, “beş günlük, ötəri” olduğunu, dərk edən şairə, öz dərdinin ağırlığı altında əzilməmək üçün xalq hikmətinə, “Vardır betərin betəri” – təsəllisinə sığınaraq mənəvi tarazlığını qorumağa çalışır.

Klassik Şərq və Azərbaycan ədəbiyyatı ənənəsində sevgi sadəcə iki insan arasındakı fərdi meyil deyil, yaradılışın əsas səbəbi, ruhu saflaşdıran və insanı mənəvi kamilliyə yüksəldən ali qüvvədir. Aysel Nəsirzadəninpoeziyasında da sevgi məhz bu müqəddəs mahiyyəti ilə çıxış edir: uşaqlıq xatirələrinin ağrısını və didərginlik nisgilini yaşayan həssas qadın qəlbi üçün məhəbbət həyatın mənasına, ilhamın tükənməz qaynağına və ruhun sığınacağına çevrilir. Ayselin sevgi lirikasında nə süni pafos, nə də ötəri həvəs var; burada sevgi sadiqlik, dua, qismətə riza və mənəvi bütövlük deməkdir.

Bu baxımdan şairənin “Sənsiz ucalmaq olmaz” şeiri ayrılıq ağrısı ilə ilahi sevgi qisməti arasındakı incə harmoniyanı əks etdirən yüksək lirik-fəlsəfi əsərdir. Şeir dilin sintaktik kateqoriyalarının, mübtəda və xəbərin bədii-psixoloji metaforaya çevrilməsi ilə başlayır:

Hər dərddə mübtəda sən, hər ağrıya xəbərəm
Ayı doğmayan gecə, günəş gəzən səhərəm.

 Qəlbindən eşqi aldım, səpdim şeirin sətrinə
Şeirim çiçək açdı, büründü eşq ətrinə.
Bu qızın da mövludu düşüb təvəllüdünə
Mənsiz qocalmaq olmaz.

Şairə sevgini şeirin mayası kimi təqdim edir (“qəlbindən eşqi aldım, səpdim şeirin sətrinə”) və nəticədə sözlərin çiçək açıb eşq ətrinə büründüyünü təsvir edir. Burada, “mövlud” və “təvəllüd” sözlərinin yanaşı işlənməsi aşiqlərin taleyinin və doğumunun eyni vaxta, eyni qismətə bağlandığına işarə edir. Şeirin əsas ideyasını lirik qəhrəmanın emosional gərginliyi və taleyin əzəli bağları  təşkil edir. Aysel Nəsirzadə heca vəznində yazdığı şeirdə  antiteza, metafora və cinas kimi bədii təsvir vasitələrindən böyük məharətlə istifadə edir. Bu da, şeirdə 14 və 7 hecalı misraların növbələşməsi, xüsusi melodik axıcılıq yaradır. Hər bəndin sonundakı qısa, kəsərli nəqərat misrası (“Belə öc almaq olmaz”, “Mənsiz qocalmaq olmaz”, “Sənsiz ucalmaq olmaz”) emosional təsiri gücləndirir. Aysel final bəndində sevdiyi insanın baxışını özünün ən yüksək mənəvi zirvəsi elan edərək, “ucalmaq” anlayışını sevgi ilə kamilləşmək mənasında təqdim edir:

Dua etdim yazılsın qismətimə naxışın.

            Ən yüksək zirvəmdir bil, sevgi dolu baxışın

Sənsiz ucalmaq olmaz

Onun yaradıcılığında təbiət obrazları ilə yaradıcılıq prosesi arasında dərin daxili paralellik mövcuddur. Şairənin “Dəniz yorğun ruhunu təslim edər sahilə…” şeiri dənizin sahilə təslim olması ilə qəlbin qələmə sığınması arasındakı incə təşbehlə başlayır:

Kağız üstə göynəyər kəlmələr, qafiyələr.
Ömrün yaşantıları heca-heca dil açar.

Mən məndən yazdığımı düşünərkən yazanda
Bir həsrət şeirindən neçəsinə pay düşür.
Təkcə mən deyiləm ki, kədəri başdan aşan.
Həyat asan olmayıb gəlib-keçən hər kəsə.
Betərindən saxlasın Allah – budur təsəlli.

Burada, “Mən məndən yazdığımı düşünərkən yazanda / Bir həsrət şeirindən neçəsinə pay düşür”, – misraları böyük sənətin əsas qanununu ifadə edir. Səmimi yazılmış fərdi ağrı həmişə ümumbəşəri dərdin tərcümanıdır və burada söz  fərdi ağrıdan ümumbəşəri təsəlliyə yüksəlir.

Sərbəst vəznin daxili ritmi və fəlsəfi yığcamlığı ilə seçilən “Dibçəklərə əsir edilən güllərin…” şeiri isə Aysel Nəsirzadənin fəlsəfi təhsilinin və humanist dünyagörüşünün parlaq ifadəsidir:

Dibçəklərə əsir edilən güllərin,
Azadlığı yoluxa ürəklərə.
Sevgi hissiylə bəslənən, əzizlənən.
Qanadlanıb uçmadan
Ruh vücuda sarılaraq yaşaya azadlığı.
Bu dünyanı cənnət edə
O dünyada cənnətə qovuşmaq istəyənlərin saflığı.

Klassik tərki-dünya baxışlardan fərqli olaraq, Aysel Nəsirzadə ruhun azadlığını bədəni tərk etməkdə (ölümdə) deyil, məhz bu dünyada, vücuda sarılaraq, sevgi ilə bəslənərək azad yaşamaqda görür. Final misralarında isə o, axirət cənnətinə layiq olmağın əsas şərtini elə bu fani dünyanı sevgi və saflıqla cənnətə çevirməkdə ifadə edir.

Aysel xanımın poeziyasında zaman və fəsillər fəlsəfi kateqoriyalar kimi işlənir. “Həsrət ilmə-ilmə hörər payızı”şeirində müasir insanın ən böyük psixoloji faciəsi olan “milyonlar içində tək darıxmaq” halı “xəzəl ömrü” obrazı ilə tamamlanır:

Çəkər tənhalığa öz havasıyla,
Milyonlar içində darıxarsan tək.
Bax belə yaşarsan xəzəl ömrünü,
Öl(ü)mü xatırladar “payız mübarək”.

Son misradakı “Öl(ü)mü xatırladar “payız mübarək”, – ifadəsi sözün daxilindəki “ölüm” və “ölmü” (ömrü/ölümü) məna oyunu vasitəsilə insanlara fani dünyanın sonunu xatırladan incə fəlsəfi tapıntıdır.

Bilirik ki, poeziyada payız ən çox ayrılıq, xatirələr, ömrün yetkinlik dövrü və dərin düşüncələr rəmzi kimi çıxış edir. Şairlər təbiətin solmasını insan ruhunun dəyişimi ilə eyniləşdirərək bu fəslə fərqli mənalar yükləyirlər. Saralan yarpaqların budaqdan qopması poeziyada ənənəvi olaraq sevgilidən ayrılmağın və tənhalığın bədii obrazıdır. Yağışlı və küləkli payız günləri şairləri nostalji hisslərə qapılmağa, itirilmiş zamanı və unudulmayan anları vərəqləməyə sövq edir. Yaz gənclik, yay coşqu, payız isə insan ömrünün arxaya boylanıb görülən işləri və yaşanmış hissləri dəyərləndirdiyi yetkinlik mərhələsidir. Payızın sakit, bir qədər də kədərli ab-havası şairin öz daxili səsinə qulaq asması və ən dərin misraları yazması üçün təbii ilham mənbəyidir.

Aysel xanımın “Təbiətin bəstəsi”şeirində Payız mövzusu və tənhalığın fəlsəfi dərki musiqili bir ahəng və dərin ekzistensial nəticə ilə tamamlanır:

Budağıyla vidalaşan
Xəzəllərin xışıltısı
Təbiətin bəstəsidi.
Aynəbəndi döyəcləyən
Sərçələrin civiltisi
Payız zümzüməsidi.
Noyabrın bir qucaqlıq darıxmağı
Gəlib qoynuna sığınar.
Anlayarsan,
Hamı hər kəsin heç kəsidi.

Göründüyü kimi,  müəllif payızı təkcə vizual lövhə kimi deyil, həm də eşidilən bir simfoniya kimi təsvir edir. Xəzəllərin xışıltısı ilə sərçələrin civiltisindən yaranan “təbiətin bəstəsi” insanı noyabr sükutu ilə baş-başa qoyur. Budaqdan qopan xəzəllərin xışıltısı ilə pəncərəyə sığınan sərçələrin civiltisi birləşərək təbiətin özünəməxsus melodiyasını, “payız zümzüməsini” yaradır. Lakin bu xarici səs-küy, əslində lirik qəhrəmanın daxili sükutunu daha da qabardır.

Misralar irəlilədikcə təbiət təsviri yerini dərin psixoloji ovqata verir. Şairənin “noyabrın bir qucaqlıq darıxmağı” ifadəsi mücərrəd bir hiss olan həsrətə fiziki həcm və istilik qazandırır. Darıxmaq artıq soyuq bir kədər deyil, insanın qoynuna sığınan doğma bir varlığa çevrilir. Şeirin son iki  final misrası isə bütün bu lirik atmosferi sarsıdıcı bir həqiqətlə tamamlayır: “Anlayarsan, / Hamı hər kəsin heç kəsidi.”

Bu yekun hökm şairənin ekzistensialist düşüncəyə, insanın varlıq qarşısında təkliyi ideyasına söykənən ən sərt və yığcam qənaətlərindən biri, eyni zamanda, payızın gətirdiyi oyanışın, fərdin kainatdakı mütləq tənhalığını dərk etməsinin ən səmimi etirafıdır.

Öz tənhalığı ilə üz-üzə qalan insan ruhu üçün növbəti mərhələ artıq zamanın mahiyyətini anlamaqdır. İlin qürubu sayılan payızda öz daxili sükutunu tapan müəllif, günün qürubunda, axşamçağı düşüncələrində artıq ömrün və vaxtın fəlsəfəsinə üz tutur. Aysel Nəsirzadə “İkindi azanıyla yol alır üfüqə doğru Günəş…” şeirində məhz bu məqamı, zamanın üç ölçüsünə (keçmiş, indiki və gələcək zamana) dərin fəlsəfi aforizmlə belə tərif edir:

Qıyıldıqca günün gözü
Zamanı xatırladır –
Dünəni xatirə,
Sabahı xəyal
Bu günü acısıyla,
Şiriniylə gerçəkliyin bəmbəyaz üzü.

Vaxtın axarını və ömrün mərhələlərini bu cür dəqiqliklə mənalandıran müəllif, növbəti mərhələdə baxışlarını birbaşa insanın daxili aləminə, ruhun parçalanması və özünəqayıdış prosesinə yönəldir. Belə ki, fəlsəfə tarixinin əsas problemlərindən olan “Mən”in bütövlüyü və dialektik ziddiyyətləri “Mən sənə gəlirəm” şeirində dərin psixoloji-fəlsəfi səviyyədə qoyulmuşdur:

Güzgüdə çiliklənir əksim
İlahi, kimdir bunlar ?!
Çilik-çilik olanların hanı bütöv bir “Mən”i ?

Artdıqca artır alnımdakı ağrıların xəritə izi,
Beynimə agah olmur ürəyimin üsyan səsi.
Əksliklərin vəhdətidi
gerçəkliyin içində məhv olan Mən.
İlahi,
Mən sənə gəlirəm, sənə gəlirəm. Susqunlaşan ağrılar…

Burada, “Əksliklərin vəhdətidir gerçəkliyin içində məhv olan Mən” misrası şairənin peşəkar fəlsəfi dünyagörüşünün poetik təzahürüdür. Güzgüdə çiliklənən və beyni ilə ürəyinin üsyanı arasında parçalanan “Mən” yalnız mütləq varlığa, Tanrı dərgahına üz tutmaqla yenidən bütövlük və mənəvi rahatlıq tapır.

Daxili “Mən”in ziddiyyətlərindən keçərək öz mənəvi bütövlüyünü dərk edən lirik qəhrəman üçün artıq həyatın özü də bir poeziya nümunəsinə çevrilir. Bu baxımdan, Aysel Nəsirzadənin yaradıcılıq yolunun yekun fəlsəfi akkordu kimi səslənən “Ömrə şeir boylanır…” şeiri insan ömrünü poetik ölçülərlə dəyərləndirən, fanilik qarşısında maddi dəyərlərin puçluğunu göstərən dərin hikməti əks etdirir:

Ömür süzülüb gedir,
Bitir qum saatında.

Göz dikilir göylərə,
Günəş çıxır, Ay batır.
Göz göyə dikilsə də,
Son mənzil torpaqdadır.

Nə var-dövlət, nə mal-mülk
Nəfsini tox tutana?
Əbədi heç nə yoxdu,
Borcluyuq quru cana.

“Göz göyə dikilsə də, / Son mənzil torpaqdadır”, – misrası insanın göylərə ucalan xəyalları ilə maddi varlığının son dayanacağı olan torpaq arasındakı əzəli həqiqəti xatırladır. Nəfsini tox tutan insan üçün var-dövlətin və mal-mülkün heç bir dəyəri olmadığını vurğulayan şairə, dünyadakı yeganə həqiqi borcumuzun elə öz “quru canımıza”,  yəni insanlıq ləyaqətinə və ruhumuza aid olduğunu bəyan edir.

Müasir Azərbaycan poeziyasının səmimi, həssas və intellektual-fəlsəfi düşüncəyə malik  nümayəndələrindən biri olan Aysel xanım Nəsirzadənin yaradıcılığı üzərində apardığımız ədəbi-tənqidi və fəlsəfi təhlil göstərir ki, onun şeirləri real həyat yaşantılarının, milli yaddaş ağrılarının və dərin ruh-zaman axtarışlarının bədii salnaməsidir.

BDU-nun Fəlsəfə fakültəsində qazandığı nəzəri dünyagörüşü ilə qadın qəlbinin incə duyğularını birləşdirən müəllif “Bir çatdaquş tamıdı uşaqlığım…” və “Mən seçmədim göz yaşına əsirliyi…” şeirlərində tarixi yaddaşı və didərginlik taleyini, “Vardır betərin betəri” və “Dəniz yorğun ruhunu təslim edər sahilə…” şeirlərində sözün ümumbəşəri məlhəm gücünü, “Sənsiz ucalmaq olmaz” şeirində eşqin ucaldıcı mahiyyətini, “Dibçəklərə əsir edilən güllərin…” şeirində ruh-vücud azadlığını və yer üzünü cənnətə çevirmək idealını, “Həsrət ilmə-ilmə hörər payızı”, “Təbiətin bəstəsi”, “İkindi azanıyla yol alır…”, “Mən sənə gəlirəm” və “Ömrə şeir boylanır…” şeirlərində (Ayselin şeirlərinin bəzisi adsız olduğu üçün şeirlərindən seçdiyimiz misralarla adlandırdıq) isə payızın fəlsəfəsini, ekzistensial tənhalığı, zamanın üç ölçüsünü və fanilik hikmətini yüksək poetik ustalıqla ortaya qoymuşdur.

Sonda yazımızı dəyərli söz ustadı, şair-publisist və “Zərif Kölgələr” Ədəbiyyat Klubunun rəhbəri Aysel xanım Nəsirzadəyə möhkəm cansağlığı, tükənməz ilham və yeni yaradıcılıq uğurları arzularımızla yekunlaşdırırıq. Qələmin hər zaman həqiqətin, sevginin və mənəvi ucalığın tərcümanı olsun, Aysel xanım!