Eldar Xanlaroğlu 1954-cü il may ayının 3-də Qubadlı rayonunun Göyərcik kəndində anadan olub.İbtidai və orta təhsilini Qara İlyasov adına Qubadlı şəhər məktəbində alıb.
1974-1977-ci illərdə ordu sıralarında hərbi xidmətdə olub.1977-1981-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda ali təhsil alıb.
Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Şeirləri və məqalələri “Mədəniyyət”, “Yeganə Yol”, “Sözün Sehri”, “Bərgüşad” qəzetlərində dərc olunub.
2008-ci ildə “And içirik” şeirlər kitabı işıq üzü görüb.Kitabın redaktoru Mədaxil Cavadlıdır.2012-ci ildə “Yurddalar və yaddaşlar” elmi-publisistik məqalələr kitabı nəşr olunub.Şeirləri və məqalələri dövri mətbuat səhifələrində dərc olunur.
1993-cü ildə məlim səbəblər üzündən Sumqayıt şəhərində qaçqın kimi məskunlaşmışdır.
1993-cü ildən Sumqayıt şəhər “28 may” adına mədəniyyət evində yerləşən Qubadlı rayon Mədəniyyət və Turizm idarəsində məsləhətçi işləyir.Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin üzvüdür.
Mədəniyyət və Turizm işçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi Eldar Göyərciklini Mədəniyyət və Turizm sahəsində əldə etdiyi uğurlara görə Fəxri fərmanla mükafatlandırmışdır.

NOVRUZ

Quşlar elə bil ki, bəhsə düşüblər,
Dilsizi dillidən gözəl oxuyur.
Bir sətir şeirdi hər açan çiçək,
Küləklər titrədib qəzəl oxuyur.

Göylərin payıdır uçub bir bahar,
Qışın əlindəncə qaçıb bu bahar,
Hamının dilini açıb bu bahar,
Üstəlik dillənib göz, əl oxuyur.

Keçib çəmənlərdən, üz tutub dağa,
Üzlərdən, gözlərdən qəm yığa.
Zərrə fərq qoymayıb qaraya, ağa,
Bu bahar yol gedir, el-el oxuyur.

DÜNYA

Kasıbın gözünü döndərib yaşa,
Varlının ürəyin çevirib daşa,
Bəzən namərdləri çıxarıb başa,
Mərdlərin xətrinə dəyəndi dünya.

Biz ona bağlıyıq, o bizə bağlı,
Ağıllar alanmış sən demə ağlı,
Bəzən bəyənmədi bu ADƏM oğlu,
Amma ki, hamını bəyəndi dünya.

Bir-bir, nəsil-nəsil düzüb bizləri,
Hərdən ağır-ağır süzüb bizləri,
Ömür ağacından üzüb bizləri,
Təzə nübar kimi yeyəndi dünya.

Adına loğmandı, həkimdi dedik,
Əvvəlcədən öyünüb o kimdi dedik,
Sonradan cəlladdı, hakimdi dedik,
Bizə son sözünü deyəndi dünya