
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Beynəlxalq R.RZA diplomu mükafatçısı,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının NEFTÇALA BÜROSUNUN RƏHBƏRİ.
* * *
Cismin halına bənzəmir,
Bir özgədir ruhun halı.
Cavab batində gizlənir,
Doğmayınca eşq sualı.
Tanrım, eşqin sətir-sətir,
Yayır qəlbdən dilə ətir.
Göy başım üstündə çətir,
Yer ayaq altında xalı.
Uca yaratdın insanı,
Səni tanımayan hanı?
Dərk elədikcə dünyanı,
Gözdən düşür dünya malı.
* * *
Məhbəsdəyəm dünya adlı türmədə,
Gün işığı düşmür qəlbə bir ovuc.
Ömür adlı naz- nemətli süfrədə,
Dil orucdu, əl orucdu, ruh oruc!
Unutmuşam olanları, səni də
Bacardığın qədər sən də unut ta!
Gecə- gündüz ruhum ona səcdədə,
Dil zikrdə, əl əsirdi qunutda.
Həbsindəyəm beş il,on il, on beş il,
Mən bu yerin heç adamı deyiləm.
Bir gün ruhdan bədən adlı o qandal
Qırılacaq günçün amin deyirəm.