
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının AĞSTAFA Bürosunun Rəhbəri
ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN 100 İLLİYİNƏ HƏSR EDİLİB
İlahinin bəxş etdiyi nur olmusan bu millətə,
Lazım olan bir məqamda sarılmısan bu millətə.
Bu milləti sevə-sevə vurulmusan bu millətə,
Əsl eşqin, məhəbbətin izahısan Ulu Öndər!
Tarix yazan, tarix olan şir əsgərin, nər əsgərin!
Düşməninə kabus kimi, dönməz, igid, ər əsgərin!
Gecə-gündüz ayıq-sayıq keşik çəkən hər əsgərin,
Öpüb, sonra tuşladığı silahısan Ulu Öndər!
Müzəffərdir, “dəmir yumruq” sahibidir əmanətin,
Bütün dünya gördü onun iradəsin, cəsarətin.
Çox uğurla davam edir uzaqgörən siyasətin,
Sən bu xalqın xoş anısan, rifahısan Ulu Öndər!
Anam deyib, vətənini oxşayan hər vətəndaşın,
Vətən dərdi, vətən yükü daşıyan hər vətəndaşın.
Dünyanın dörd tərəfində yaşayan hər vətəndaşın,
Dünənisən, bu günüsən, sabahısan Ulu Öndər!