Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının SUMQAYIT Bürosunun Rəhbəri

Bildim

Dünyanın ikicə rəngi varıymış,-
Bildim qara nədi, ağ nədi, bildim.
Balamın dilindən bir söz eşitdim,
Dağ üstən çəkilən dağ nədi, bildim.

“Yox”dan yola çıxdım, yol məni getdi,
Kəm məni kəsdirdi, bol məni getdi.
Mən sağı getdikcə, sol məni getdi,
Axır ki sol nədi, sağ nədi, bildim.

Doldu piyalələr, boşaldı camlar,
Sərxoş damağımı dəyişdi tamlar…
Qaranlıq könlümdə yandıqca şamlar
Ürəkdən əriyən yağ nədi, bildim.

Adlayıb dünyanın Hun hasarından
Qopdu şah millətim şah damarından…
Sındı məmləkətim sınırlarından,-
Çəpəri pozulan bağ nədi, bildim.

İbrahim İlyaslı, budurmu qanmaq?-
İşin-peşən oldu tutuşub yanmaq.
Haqqı buluncaymış fələyi danmaq,-
Bildim nahaq nədi, haqq nədi, bildim.

Torunu sudan çək, balıqçı baba

Torunu sudan çək, balıqçı baba
Mənim nə ölümüm torunda sənin?
Məni yem etdiyin harınlar ki, var –
Çıraq tutmayacaq gorunda sənin.

Açıb qucağını bu dünya üzü,
Dağlar da dərəymiş, dərə, bir cürə.
Ümmana bənzəyir bu dünya özü,
Hamı avar çəkir, hərə bir cürə.

Heç nə görməyəndə heçə göz baxır,
Heçliyə varmağın yüz qanunu var.
Bir saman çöpünə neçə göz baxır –
Dəryada davanın öz qanunu var!

Ömrə qayıdırmış ömürdən gedən,
Ölümdən qorxuruq ölənə kimi.
Kimdi Tanrısına bəndəlik edən,
Özüylə üz-üzə gələnə kimi?

Bədən qayığıma əllərim avar,
Qolum qoltaq oldu sənə çatınca.
Mənə bir tədbir tök, balıqçı baba,
Sualtı qayıqlar düşüb dalımca.

Mənbə: https://dilimizvarligimiz.az/