Ramiz Duyğunun şeirinə rəy

Bu yaxınlarda Yazıçılar Birliyinin Natəvan klubunda hərbiçi şair dostum Ramiz Duyğunun 80 yaşı hörmətlə qeyd edildi. Oxucuları onu təbrik etdi, yeni yaradıcılıq uğurları arzuladılar.

“Ədəbiyyat qəzeti”nin 16 mart 2019-cu il tarixli sayında isə şairin “Nərmin və Elnur dastanı”nı oxudum. Zəng vurub fikrimi bildirdim.

Əsər ithafla başlayırdı: “Qarabağ döyüşlərində əllərini və ayaqlarını itirmiş qazi Elnuru sevib onunla evlənən Nərmin xanıma həsr edirəm”.

Ramiz Duyğun yüksək hərbi rütbə daşıyan qələm dostlarımızdan olduğu üçün, əsgərlik həyatını yaxşı bilir.

Bu kiçik epiqraf bəsiydi ki, şeirin, şəklin təsirinə düşəsən. Nərmin xanımla qazi Elnurun (əl arabasında) yanaşı şəkilləri oxucunun üzünə gülümsəyirdi.

İki könül birləşmişdi.

Yəqin, qəzetin Baş redaktoru, hörmətli Azər müəllim də rütbə dastanı şəkillə birlikdə səhifəyə çıxaranda, eyni hissi yaşamış, yaxşı ki, belə etmişdir!

Təqdimat çağırır: keçmə, dayan, – deyir. Biz də “dayanıb” vətən oğlu Elnurun şəklinə doyunca baxırıq, qızımız Nərmin xanıma minnətdarlığımızı bildiririk.

Elnur kimi oğullar Nərmin kimi qızlarımız reklamlarda daha çox səslənməli, daha çox göstərilməlidir ki, vətəndaşlıq, fədakarlıq, mənəvi paklıq adi verdiyimiz bu yüksək insani keyfiyyətlər nəsildən-nəslə ötürülsün.

Bu, onların yaddaşlarda yaşamaq haqqı, hüququdur!

Tarixi Lələtəpə döyüşlərindən iki gün sonra (birinci gün cənab Prezident İlham Əliyev yaralı döyüşçülərin yanında idi) mən də hərbi hospitalda əsgərlərimizlə görüşdüm. Qollarının, ayaqlarının sarıqlarını gördükcə istər-istəməz gözlərim dolurdu. Əksinə, söhbətləri zamanı onlar yüksək əhval-ruhiyyə ilə danışır, qələbəmizə güclü inam hisslərilə yaşayırdılar.

Bu günlərdə də hərbi hospitala getmişdim. Azərbaycan ordusunun kapitan rütbəsində bir gənc zabiti Əyyubov Fərhad Rüstəm oğlu ilə tanış oldum.

Əfqanıstan döyüşlərinin iştirakçısı olub. Qarabağ könüllüsüdü. Türkiyədə hərbi zabit təhsili alıb, Prezident Rəcəb Tayyib Ərdoğanın təşəkkür məktubuna layiq görülüb. Tabeliyində olan təcrübəsiz əsgərin döyüş mövqeyini müəyyənləşdirdiyi yerdə, düşmən atəşinə tuş olub. Sol ayağı dizdən yuxarı sarıqlıydı.

Fərhad sağalan kimi yenidən hərbi xidmətə qayıtmaq arzusu ilə yaşayır.

Xanımı Fatma qızımız onu təkidlə alqışlayır. İlk şəfqət bacısı, ilk həkimi, ilk loğmanı olmuşdur.

Onlar bizim müasirimiz olsalar da, sabahkı Azərbaycanın – işğaldan tam azad olunmuş bir ölkənin sakinləridi.

Biz onlara baxıb özümüzü görürük. Bir daha özümüzü tanıyırıq. İnsan öz boyundan bir az uca olduğunu dərk etməlidir.

23.03.2019

Nərmin və Elnur dastanı

Qarabağ döyüşlərində əllərini və ayaqlarını itirmiş qazi

Elnuru sevib onunla evlənən Nərmin xanıma həsr edirəm

Mən nə Nizamiyəm, nə də Füzuli,

Mən “Bayatı-Şiraz”ın

Həm bəmiyəm, həm zili.

Azərbaycanı üçün

Qəlbini qurban kəsən

Adi Vətən şairi.

“Bayatı-Şiraz” üstdə

Yazıram bu şeiri…

İlk məhəbbətin yaşı dünyanın yaşı qədər.

Nə məhəbbət, nə dünya indiyəcən görməyib,

Belə sevinc, belə kədər.

Qoca dünya bu yaşında

Belə bir toy görməyib.

Hələ belə uca qamət,

Belə uca boy görməyib…

Gəlin gedir toyxanaya

Gəlinlik libasında.

Bəy gəlinin apardığı əlil arabasında.

Bəyin nə əlləri var,

Nə də ki, ayaqları.

Gəlinin qollarıdır onun son dayaqları.

Bilirsənmi bu toy kimin,

Kimin, kimin toyudur?

Bu toy mənim Vətənimin,

Tariximin toyudur!

Qoca tarix, ulu dünya

Belə məhəbbət görməyib,

Belə mərhəmət görməyib.

Məhəbbətin mərhəmətindən uca,

Mərhəmətin məhəbbətindən uca.

Onların hər ikisindən

Bulaqlardan da təmiz

Saf təbiətin uca!..

Sən yeni bir ilahə,

Sən yeni bir varlıqsan.

Sən yeni bir səadət,

Təzə bəxtiyarlıqsan.

Məhəbbət təlimində

Bir əfsanə gözəlin

Meyli sənə çatammaz.

Şirin sənə çatammaz,

Leyli sənə çatammaz.

Ayırır məni məndən

Say-hesabsız suallar:

Məcnun sevməyə nə var,

Fərhad sevməyə nə var?

Hünərin varsa əgər,

Gözləri baxa-baxa,

Alova-oda girən

Şirin, cavan canını

Öz ana torpağına,

Gözəl Qarabağına,

Dip-diri qurban verən,

Bu dünyaya yenidən

Nər doğula-doğula,

Yenilməz bir oğula

Arxa-dayaq olasan!

Candan ayrı bir cüt əl,

Bir cüt ayaq olasan!

Hünərin varsa əgər,

Odu, qoru sevəsən.

Əllərsiz, ayaqlarsız

Nər Elnuru sevəsən!

Nərmin! Nər qızım mənim!

Ərdən ər qızım mənim!

Sən sevgi qəhrəmanı,

Sən sevda igidisən!

Sən məhəbbət qazisi,

Sən sevgi şəhidisən!

Sən sevda dünyasına,

Yeni od bağışladın.

Sən sevgi tarixinə,

Yeni ad bağışladın.

Sən əbədi bir eşqin,

Əbədi şahidisən,

Məhəbbət şəhidisən!

Bu döyüşdə, savaşda

Bütün dünya gözəlləri,

Nə Madonna, nə Cülyetta,

Sənin ilə yarışammaz.

Əsli, Şirin, Leyli xanım,

Əllərinə su tökməyə yaraşammaz…

Budur böyük xalqımın

Yeni sevgi,

Yeni qürur dastanı.

Düşsün dilə-ağıza,

Nərmin-Elnur dastanı…

Bakı, 18 fevral 2019 il

Mənbə: http://www.edebiyyatqazeti.az