GƏL VİDALAŞAQ
Mənim arzularım,ümid çırağım,
Ruhumun sevdası,gəl vidalaşaq.
Həsrətin könlümdə yanar ocağım,
Ömrümün sevdası,gəl vidalaşaq.
Son baxışınla ax,dol gözümə,
Qarış düşüncəmə,dol hər sözümə,
Sən get,özümü qaytar özümə,
Könlümün sevdası,gəl vidalaşaq.
Zamansız gəlmişdin,həvəssiz getdin,
Ümidsiz,könülsüz,nəfəssiz getdin,
Bir dünya doğmayla kimsəsiz getdin,
Canımın sevdası,gəl vidalaşaq.
Yağışımsan,dumanımsan,çənimsən,
Həsrətimsən,ümidimsən,qəmimsən,
Həvəsimsən,mənimsən,nəfəsimsən,
Qəlbimin sevdası,gəl vidalaşaq.
Arzu etmək
Arzu etmək adətimdi,
Nə sonu var,
Nə əvvəli.
Mən baxdığım ay gözəldi.
Könül dostum ulduz və ay…
Xəyal qurmaq təsəllimdi,
Bahar gələr…
Güllər açar…
Ruhum dirilə bəlkə,
Günəş nur saça bəlkə…
Tənha qalmaq qismətimdi,
Zülmət səhər,
Zülmət gecə…
Qəlbimdəki sevgi ölüb,
Çətin bir də cana gələ.
Ölüm rəbbin əmridi,
Bir gün gələr,
Hər şey bitər…
Ruhum pərvaz edər səmada,
Qələm ağlar,
Dəftər ağlar,
Mənsiz qalan şeirim ağlar