Ulu Öndərə ilk görüşdə oxuduğum şeir

Ey eşqim, vüqarım, sənətim, canım!

Ana çağırdığım Azərbaycanım!

Açıb qollarımı mehri-ülfətlə

bağrıma basıram səni hörmətlə.

Sən də, ey adıyla fərəhləndiyim,

şanlı sədasıyla ürəkləndiyim,

xalqımın istəkli, əziz övladı,

şerimin-sözümün qolu-qanadı,

sənin hər istəyin, sənin hər arzun

həyatda qoy şöhrət çələngi olsun!

Qaldırdın adını bu məmləkətin,

andın müqəddəsdi, südün təmizdi,

mənim taleyimdi sənin şöhrətin,

tarixdə tarixi mərhələmizdi.

Gəlin, addımlayaq sıx cərgələrdə,

gəlin, qabaqlayaq dövrü, zamanı.

Daim alqışlayaq yalnız zəfərlə

Ana dediyimiz Azərbaycanı.

1969

Dünyanın sirri

– Şair, yenə yazırsanmı? –

sual verdi biri, mənə.

Tanıtmaq istədi yəqin,

məndəki şairi mənə.

Axşam olur, sabah olur,

mən yazmasam, günah olur.

Yazan zaman agah olur

bu dünyanın sirri mənə.

Soyumasın od nəfəsin,

əvəzi yoxdu heç kəsin.

Ulu Tanrım çox görməsin

öz verdiyi şeri mənə.

Oğlum Nazimə

Nazim, o illəri salıram yada,

oğlum, unudulmur heç nə dünyada.

Sənin saçlarını

mən ağartmışam

infarktdan yatanda

Almaniyada!

Üzündən görürdüm, fikrin qətiydi,

döndərən olmazdı səni bu yoldan.

Özün o yerlərə nabələdiydin,

bələdçim olmuşdun,

ay sənə qurban!

Bilmirdim, həyata nəydi sualım,

qohumdan-qardaşdan yoxuydu heç kim.

Mənim ağsaqqalım, qarasaqqalım

səniydin,

onda yox,

mən sonra bildim.

Arada görürdüm, sən birtəhərsən,

ürəyim gəlmirdi, düzü, soruşam.

Mən səndən qorxurdum,

xəstələnərsən,

Sən məndən qorxurdun, dözəmməz atam.

Gəncə Yazıçılar filialından

bir dostum varıydı – 

qardaşəvəzi.

Gedib yaşayırdı Almaniyada,

dadıma çatmışdı o da tələsik.

Simax Şeyda əmin, o həssas şair,

şanlı övladıydı bir eşqin, andın.

O köçdü dünyadan, dünya yaşayır,

gizlənpaç oyunudur –

bu da həyatın.

Oğlum, Qaraxanı unutma bir an,

nə deyim, artıqdı bu söz, bəlkə də.

Qatarla gəlmişdi Avstriyadan,

sənə həyan oldu qərib ölkədə.

Yaxşı insanlara yaxın ol, müdam,

ünvanı çaşdırma, ünvan içində.

Bəzən, mən özüm də səndən danmıram,

insan axtarmışam

insan içində.

Çağırış

Dünyanın bir tərəfi

yenə od tutub yanır.

Günəşin gəlişini

xəbər verir təbiət.

Yerlər-göylər – nə varsa,

yuxusundan oyanır.

Günəşdən səs – bir alqış! –

yaşamağa çağırış,

yaratmağa çağırış.

İnsan fəaliyyəti

Günəşlə əl-ələdi,

dəyişir təbiəti

Günəş gedənə kimi.

Yaşayır ta qədimdən

bu, bir ənənə kimi.

Abidə

Kürdəmirli bir igid

şəhid oldu davada.

Kürdəmirli bir qızın

göyə qalxdı naləsi.

Möcüzələr varıymış

sən demə, bu dünyada, –

misalmı?

Yadigarın

yadigar Abidəsi!

Həyatın bir anı

Şabrandayıq, püsələyir bala-bala,

otaqda da üşüyürdük biz az qala.

Sevinc xanım süfrə açır, çörək qoyur,

Arif təzə bəstəsinə ürək qoyur.

Əvəzi yox səsindəki məlahətin,

Haqdan gələn sərvətidi bu millətin.

Sevinc xanım sevincindən aşıb-daşır,

yerdə sular, göydə quşlar pıçıldaşır.

4 avqust, 2024

Mir Cəlal müəllimin xatirəsi

Şair, Mir Cəlalın isti nəfəsi

mənə Haqdan gələn bir ilham idi.

Mən ata görmədim, atam əvəzi

həyatda yeganə bir arxam idi.

Minnətdarlıq

Niyə Nərminə deyirəm? –

Bilirsənmi, nə deyirəm:

xeyirxahdı, rəhimlidi,

bir ömürdə neçə ildi –

kimsəsizə kömək durur,

dediyim,

bax,

elə budur!

Çıraqqala

Amil müəllimə

Sasani igidləri

qalxdı Çıraqqaladan,

Şabran qalxdı ayağa

nizə çıxdı yayından,

qalxan qalxdı ayağa!

Hünər qaldı yadigar

ulu babalarından.

Yaşa, yaşat, dedilər

bu diyarın adını.

Şərəflə həsr elədin

sən də öz həyatını.

Bir nəsil alqışladı

nəsillərin adıyla.

İnsan qalxır, ucalır

adıyla, soyadıyla.

Amil, – deyə sevildin

el-obanın yanında.

Qədim Çıraqqalanın

ən yeni ünvanında.

İllər, talelər

Görkəmli alim, tədqiqatçı

Sadıq Şükürovun xatirəsi

Niyə sağlığında yad olur bizə,

görmürük o boyda bir istedadı?

Elə ki, getdilər,

çıxırlar üzə,

yüksək kürsülərdən çəkilir adı.

Niyə yuxudadı, şöhrət tanrısı,

niyə qarışdırır ağı sarıyla?

Niyə o kəslərin oğlu, ya qızı

xəlvətdə fəxr edir,

Atalarıyla?!

Sadıq Şükürovu xatırlayıram,

təmiz insan idi, alim adıyla.

Onun sinəsində qaynar bir ilham,

daim

məşğuluydu tədqiqatıyla.

Elə ki, deyirdi Nərimanovdan,

pərəstiş edirdi o böyük ada.

Bəlkə, alovlanıb yanırdı, inan,

Nuru Paşanı da,

hallandıranda.

İllər var, səsləyir bizi arxadan,

illər – təzələnir arada, ancaq.

Alim var, hörmətlə keçdim yanından,

mən qibtə elədim,

bu ada, ancaq.

Ziyarət yolu

Hörmətli sənətkar

Elşad müəllim Nağıyevə

Bakıda bir yol var, Ziyarət yolu,

orda da, bir evin bir darvazası.

Dərmanlar düzəldir bir vətən oğlu,

dilində –

daimi xeyir-duası.

“Müəllim” çağırılır ustadın adı,

unudub xeyli var o, sinif nədir.

O sevir çəməni, çiçəyi, otu,

dərsi də

otların öz dilindədir.

Evdə mavi gözlü ağ pişiyi var,

deyir: nə ev bilir, nə eşiyi var.

Lovğadı,

Şir qulaq,

sərt keşikçidi,

xüsusi xidmətdə fəxri işçidi.

Elşad – ixtiraçı bir istedaddı,

iki qız övladı, üç də nəvəsi!

Bəs onun xanımı?

Sevincdir adı,

onun eşqinədir bunun həvəsi!

O da əvəzsizdi, bu da əvəzsiz,

onda da, bunda da taleyin əli.

Burda bir ailə yaşayır səssiz,

şöhrəti ucadır,

adı – şərəfli.

Bakıda bir yol var, Ziyarət yolu,

orda da, bir evin bir darvazası.

Dərmanlar düzəldir bir vətən oğlu,

dilində –

daimi xeyir-duası.

Ağlat, sən məni ağlat

Arif Mehmandosta

(“Qaragilə… ağlama, bəsdi” mahnısına)

Bir əsrin qəm səsidi,

ya da əksinə, Arif!

Necə dözdün, yanmadın,

sən öz səsinə, Arif?!

Səsində bir od-atəş,

bir çağırış, bir üsyan,

ağlama, deyə-deyə

sən yenə ağladırsan.

Oyadırsan bizdəki,

həmən o bizi, Arif!

Göstərirsən sırada

öz yerimizi, Arif!

Araz-Kür daşır, Arif!

Ey, “Qaragilə”, heyhat!

Ağlama, bəsdi, demə,

qoy bir az yüngülləşim.

Rəhm elə ürəyimə,

ağlat, sən məni ağlat!

2024

Sədr hesabat verir

AzTV-nin birinci proqramı ilə

“Həftə verilişləri”ni dinlərkən

Sədr hesabat verir

o, Cənab Prezidentin

hər gününə, anına

tarixi bir ad verir.

Sədr hesabat verir

Əsrin qəhrəmanına,

nəydi əsrin şah sözü?

Dəmir yumruq, haqq özü!

Səngərdə qələbəmiz, –

tarixi Zəfərimiz!

Sədr sayır günləri,

ünvan verir, ad deyir.

Sədr hesabat verir:

An var – anlar içində

o da – əbədiyyətdir.

Prezident oyaq qalır, –

Vətən qalır, xalq qalır,

müqəddəs torpaq qalır.

Başımız üstə – ZAMAN! –

üçrəngli bayraq qalır.

Deyir

Sevimli sənətkarımız

Mənsum İbrahimovun ad gününə

Mənsum havalanıb oxuyur yenə,

nəfəsi bənövşə qoxuyur yenə.

Səsin ipəyini toxuyur yenə,

rəngləri yaddaşdan-yaddaşa deyir.

Hər söz, hər qafiyə, hər kəlmə yanır,

dəymə, mən yandığım bu qəmə yanır.

Yanıb kül olmuşam, külümə yanır,

çəkdiyi hər nalə sən yaşa, deyir.

Elçin, yerə qoyma əlindən tarı,

Elnurun kamanı göynədən tarı.

Qarabağ tarıdı, o Vətən tarı,

bu Ağdam deyəndə, o Şuşa deyir.

Nədir o pərdənin, o simin səsi,

duyğumun səsidi, hissimin səsi.

Allahım, nə deyir Mənsumun səsi?

Milləti qoymayın daşdaşa, deyir.

Deyin, əl saxlasın

tarixi yazan

“Zəfər dastanı” əsərinin müəllifi,

hörmətli Rahilə Soltanqızına

Qələbə yolumuz – “Zəfər yolları”,

bu yol da, o yol da bir haqdan keçir.

Səngərdə millətin gənc oğulları,

Allahım,

nə ağır sınaqdan keçir.

İtirir huşunu biri qəfildən,

birinin qolu var, qılçası yoxdu.

Qabaqda düşməndi, arxada Vətən,

çəkməyə

bir rəssam fırçası yoxdu.

Belə itiririk mərd oğulları,

qoymur ayılmağa bizi bu ovsun.

Ey düşmən cəbhəsi,

namərd yolları,

sizi yaradanın gözü kor olsun.

Deyin, tələsməsin fərman sahibi,

deyin, əl saxlasın tarixi yazan.

Ey dava axtaran,

Bir An sahibi,

sonuncu addımı atanda, dayan!

Olsun

Ağ yel, ağ yelənli sənin ağ atın:

Şimşəklər ovcunda qantarğan olsun.

Ayağın altında yer Cıdır düzü,

başının üstündə

göy qalxan olsun.

Ağ bulud çiynində bir ağ yapıncı,

əlində Babəkin misri qılıncı.

Bu yolun sonunda dördyol ayrıcı,

İrəli!

Çağıran səs arxan olsun.

Mənə demişdilər daş atma quşa,

daşa tutulubdu Daşaltı, Şuşa.

Elə zirvədən uç,

qoy o uçuşa

bütün qadağalar qadağan olsun.

Qayıt ki, yolunu gözləyir anan,

bir millət danışsın sənin adından.

Ağatlım, ağüzlüm, qarasaç oğlan,

ağsaçlı şairin

sadağan olsun.

Mən yazılı kitabam

Gülgün qağaya məktub

“İçib Poylu suyundan

şair oldun, Nəriman.

Sənə su göndərirəm,

bizim Vağzal Poyludan,

unutma,

Gülgün qağan”.

Siz şair elədiniz,

getməyin çox uzağa,

gün onda doğru, Qağa!

Ahıllar və cavanlar,

şeirimi oxuyanlar

ürəyimi qırmadı,

könülsüz çağırmadı.

Görəndə – sevindilər,

şairimiz – dedilər.

Dost-tanışın səsiydi,

kənd – Anam əvəziydi.

Dünya pəncərəsindən

hamınızı görürəm.

Mən yazılı kitabam,

özümü köçürürəm.

Bizim qızlar

Akademik Arif Paşayevin

ad gününə

“Amazonka qızları”, –

anam, ailəm mənim.

Ey Gülşənim, Aygünüm,

bir də Nailəm mənim!

Xanım-xatın Gülərim!

Ellada, Rəna, Solmaz, –

hərəsi bir əsərim,

qızıl səhifələrim!

Hələ Südabə xanım

xaricdədi xeyli var.

Səyahətə meyli var,

gəlsin danışaq, gülək,

təzə nə deyir, görək.

Lyubov Nikolayevna,

ukraynalı bir ana!

Ləhcəsi duzlu, şirin.

Göründü sənin yerin, –

Vüsalə, laləm mənim.

Nüşabə də var hələ,

daşqın şəlaləm mənim.

Ələddin – müdrik insan,

həm sayan, həm sayılan.

Elçindən də qoy deyim,

mənim gənclik illərim!

Həm şıltaqdı, həm əziz,

gah türkdü, gah ingilis.

Ofelya xanım da var,

halal bir qızdı rahat.

Gəlişi yarımştat,

görüşü yarımştat.

İşə bir xanım gəlir.

Demə, bir ştatıymış,

O, yarım-yarım gəlir.

Tehran… konservatoriya…

Orda tələbələri,

burda da şah əsəri:

“Amazonka qızları”,

qızlara hədiyyəsi, –

Mehmandost – dost nəfəsi!

Həssasdı Gülnarə xanım,

nüfuzu xeyli üzdədi,

bir gözü üstümüzdədi.

Rektorun Nümayəndəsi

Haqqın, ədalətin səsi!

Ədalət müəllimin də

“Ədalət!” – adı üstədi,

adı-soyadı üstədi!

O, Elmi Şuralarda da

Kürsüdən hesabat verir.

Rektorun hər təbəssümü

ona bir qol-qanad verir.

Tələbəm olubdu dekan,

Ayxan… Rüstəmzadə Ayxan.

O, dekan olandan bəri,

İstanbulun alimləri

Rektorun qəbulundadı,

Qardaş – qardaş yanındadı.

Bizə bu uçuş xəyalı

Töhfə verən oğul da var, –

Bir ölkənin Ağsaqqalı!

O, getdiyi haqq yol da var, –

O yol – Tanrının düz yolu,

Arifdi,

Mir Cəlal oğlu!

27 avqust 2024-cü il

Mənbə: https://edebiyyatqazeti.az/