CƏNUB FOLKLORU HAQQINDA YENİ KİTAB

Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, f.ü.f.d. Qiymət Məhərrəmlinin yeni monoqrafiyası işıq üzü görüb.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının 9 dekabr 2025-ci il tarixli iclasının qərarı ilə (Protokol №7) çap olunmuş 256 səhifəlik “Sulduz folklor mühiti etno-mədəni dəyərlər müstəvisində” adlı tədqiqat əsəri şöbə əməkdaşının bir neçə illik gərgin elmi axtarışlarının bəhrəsidir.

Monoqrafiyanın elmi redaktoru f.e.d., prof. Məhərrəm Qasımlı, elmi məsləhətçisi f.e.d., prof. Qəzənfər Paşayev, rəyçiləri isə Türkiyənin Ərzincan Binəli Yıldırım Universitetinin professoru, f.e.d. Ali Kafkasyalı, Kuzey Kıbrıs Türk Cümhuriyyəti Lefke-Avropa Universitetinin professoru, f.e.d. Nazim Musayev, Folklor İnstitutunun şöbə müdiri, f.e.d. Mətanət Abbasovadır. Kitabın redaktoru İİR-in Sulduz bölgəsində yaşayıb işləyən tədqiqatçı-alim, f.ü.f.d., dosent Mirəli Rizaidir.

Monoqrafiyada Cənubi Azərbaycan türklərinin əhəmiyyətli bir hissəsinin yaşadığı Sulduz mahalının etno-mədəni dəyərlər sistemindəki yeri və mövqeyi, bölgənin tarixi-coğrafi şəraiti, əhalinin yayılma və inkişaf arealı, burada yaşayan soydaşlarımızın həyat və məişət mədəniyyəti, xalq sənətkarlığı məsələləri, zəngin folklor mühiti ilə əlaqədar müəllifin son bir neçə il ərzində apardığı elmi araşdırmalar öz əksini tapmışdır.

Mənbə: AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstututu Cənubi Azərbaycan Ədəbiyyatı Şöbəsi