Firuzə Quliyevadan yeni şeir

İki qaşının arasındakı məsafənin

Qırışları bağlayır gecə ilə gündüzü.

İki heca söz qalır dillərdə dastan…

İlahi! Görəsən düşünürmü məni.

Dəsmalındakı həsrət baharının

Ürəyimdə damğa izi var.

Çəpərlərini çeynəyib qaçmır mənzilinə 

Dilsiz quyunu ev bilirmiş özünə.

Bağçam fırtına xəncəri ilə boyalı

Küllərindən doğulan kədər dəmindədir.

İç! Qansız şərabını sorğusuz.

Ləzzətlə mənim sağlığıma iç!

Gizləyir qəlbim qəlbini gözlərimdə,

Sorğu etmə məni!İtirəm sözlərində.

Neçə çinar əkirəm çatlaq əllərimə,

Uzun ömürlər bəstələyirəm illərinə.

İki ayrı məbədin məhəbbət toru

Kirpiklərin qovşağında qovuşar bəlkə.

Ey bəxtsiz kədərim!

Qabırğanla yandırdığın can ocağımı tik!

Bir ovuc torpaqlıq canıma and iç!

Sənin şəklini məndən qoparır

Kövrək dənizin qızarmış dalğası.

Günəşin telləri ilə ayaq açır

Ruzigarın portağal qoxusuna.

Yavan sevda küllərini

Şeirlərimin misrasına tökürəm,

Dağların qoynuna köçürəm.

Möhür vurulmuş qəlbimə nə etmək?!

Əzəldən əllərin-əlimə divar hörüb 

Baxışım qapında toxunulmaz alma…

Çalmasın başımda dərdsiz musiqi

Qoca dünya ilə savaşım,

Eyni yurd,bir cüt yad gözə nifrətim bitsin.

Qorxularımı azad etdim

Yansın budağımdakı yasəmənimlə.

Qürbətdə gözü yol çəkir gönlümün,

Məktublarımın canı parçalanır

Dözülməz başısoyuq məhbəsdə.

Mən görərəm əslimi güzgüsüz,

Təki əksim mən, surətim sən qalsın!

Gəlməyin-Gülüşümün zirvəsinə qar gətirdi.

Zəhər dadıram hər sözündə

Necə şəkər qatım həsrətinə?

Hansı tərəfə dönüm,İlahi!? 

Yastığımın nəmini külək sovursun.

Qəlbimin hansı nöqtəsinə ağı deyim?

Nidayla dolu nifrət bəsləyim?

Gecələr yuxunda laylamı oxuyum?

Qızılgülün içində yatasan

Sevgi mülkündən birdəfəlik qopasan.

Gözlərimə olan susuzluğun

Boş stəkana ümidindən damır.

Sinoptikdən aldığım soraq

Gəldiyin günə yozdurur.

Gövdəsi tumurcuq bağçası çiçəyin

Köksündə neçə qəlpə izi var.

Canımı parə-parə

Çarmaxda mələklərə ehsan verirəm.

Könlümün pərdəsi ağır gəlir,

Açsan içi dolu bataqlıqla

Çəkir məni ağuşuna.

Qəlbimin parçalarını saysan

Çoxluğu düyün olar boğazda

Cəhənnəm şüşə bir dost.

Əksim görünməz aynada

Küsmüş yəqin camalıma.

Çirkinlik toxunub üzünə

Bədənimin qıpqırmızı saplarıyla.

Gənclik ömrümün baharında

Dəftərçəmdə bu son vida.

Budağımda soldum, qoparıldım,

Sevgi orucumu tutaraq.

Ah qəlb! 

Olum ya ölüm?

Yoxsa tək sual?

Göz yaşı əl tutmur hisslərə

Bəlkə kirpiklər çətir olar dərdlərə.

Yoxsa yağış damlaları gizlər hissləri

Qəlb unudar mı bəs olub keçənləri?

Balaca şəhzadə qədər sevərsən gülünü,

İnanarsan yoxdur onun qədəri.

Ulduzlarla tay tutarsan tək tikanını

Qəlb yaralayan, uzanan ümmanını.

Ah axmaqlıq!

Tək rəsm tablosu boyanır bəyəm?

Gözlər boyanmazı yalana? 

İnanmazmı olmazlara?

Ya olmayacaq xəyallara dalmazmı?

Dəlicə qanad açmazmı səmaya?

Çox cavab gizlənir suallar arxasına!

Ölüm dərman olur oluma!

Bax cavab çıxdı ortaya…

Əllərim qəlbimdə gəzir…

Susayıb qara gözlərinə

Gülün susadığı kimi.

Son səsin işləyib qəlbimə,

Uzaq ölkələrə çıxıram səfərə.

Şəklin gözümün önündə

Yaşıllarımda dolaşır.

Gözün kimi bax uşaqlığıma,

Qoru onu yad doğmalardan

İnsan saydıqlarımdan.

Mehman ol qəlb otağıma

Ac qalmışam qucağına

Bahar qoxulu yurd-yuvama.

Sən nəyimsən?

Dodaqlarımda batmayan günəş?

Parıldayan aylı gecəm?

Tanrım qədər sevdiyim?

Ey doğma insan!

Musiqim sən, yaram sən,

Min bir dərdə davam sən.

Qara gözlüm!

Ömrüm alnımın açıq qırışlarıdırsa,

Üzümdəki naxışların adı sən.

Məsum baxışların əllərimlə

Bölüşmədiyim hədiyyəm.

Səcdə etdiyim hər duama

Çörək, duz şahid olsun.

Saatı 7 günə bölək,

Sənsiz yuxularıma məlhəm sürək.

Başımın tüstüsü çəkilsin bədənimdən,

Qar bəyazı saçla oyanım.

Sevdanla tumarlanım, xoşallanım,

Səhra çiçəyinə dönüm qalım.

Al yanaq çuxurunda

Öldür məni qoy oraya.

Məzarım cəhənnəm olsun,

Nəfəsinsə, atəşim!

Saçlarının min bir çaları göründü gözümə

Hər birindən çələng hörmüşdüm özümə.

Ürəyimdən tutdun çıxardın aydınlığa,

Qucaq dolusu sabahlarıma.

Bir gün uşaqlıq köynəyimi geyindim

Hər naxışında adın yazılı

Qızıl qönçələr açdı ləblərim.

Günəşim ruhumda deyildir daha

Adımın yanınakı soyadındadır.

Evim dediyin isti sobamda

Hər gün qəlbimin alovu yanır.

Fərmanım yazıldı, əmr verildi

Zəncirlər söküldü bir toxunuşunla.

Qəfəsdən uçdu yaşlı gözlərim

Təbəssüm qondurdun yaşıllarıma

Unuduram…

Əkdiyin çiçəklər torpağımı örtür,

Gecələr səssizcə axıdır göz yaşını.

Qucaqlayır gözündə yaşla dolanı

Yollarını əzbərlədiyi adamı…

Ay olmaq istəyirəm. 

Gizlənim buludun arxasında,

Gecələr işığım düşsün üzünə

Həsrət qalasan yaz çiçəyinə.

Günəş olmaq istəyirəm.

İstiliyim ürəyini yandırsın!

Dünyan başına yıxılsın!

Yox Tanrım!

Eşitmə dediklərimi!

Dilim, sus daha!

Çalsın qəlbimin döyüntüləri…

Tərəzidə çəki daşlarını deyil

Qırıq qəlbimi ölçürəm.

Yox saymağı səndən öyrənirəm.

Köksüz sarmaşıq olmağa daha 

Taqətim yox, halım yox.

Sənlə içdiyim eşq şərabını

Yox saymağa tövbəliyəm!

Ölüm və həyat!

Başımda dönür sənsizlik,

Nəfəsimdə təkliyin çığırtısı var.

İçimə çəkdikcə həsrət çənini

Buz bağlayır qəm karvanım,

Sənsən tək xanimanım.

Pozuram boynuma asılan gəncliyi

Göz yaşımı əcəlimlə dərirəm.

Sürgün həyatımın imzasını çəkərək

Şəklinə torpaq tökürəm, 

Quzeyli bənizimə bürünürəm.

Əmanət verirəm susqunluğumu

Doldur boğazını yalanla,

İçməyə hazır olduğum günahın boynuma.

Hüzurum 4 hərfli tapmacada

Ölüm və həyat arasında parçada.

Mənbə: https://edebiyyat.az/