ÇilənAy Nur Faiq – Şeirlər

Bəyaz sətirlər

Bəzən sevgim ilə cavanlaşırsan.

Bəzən kədərimlə tək savaşırsan.

Görürəm sən mənə çox yaraşırsan,

Qəlbimin sahibi, bəyaz sətirlər.

Tənhalıq səninlə ordu kimidi.

Sən mənə yüz dostdan daha gərəksən!

Acanda dünyanın 

xoşbəxtliyinə.

Yediyim ən dadlı şirin çörəksən!

Sevgilim

Belə yadlaşmayaq bir-birimizə.

Gəzək küçələri, gəzək tinləri.

Şahidi eyləyək daşı, divarı

Sevgi misrasının ilıq səsinə.

Gizlincə dinləsin sevənlər bizi.

Arzular, xəyallar vüsala çatsın!

Bu yaşda sevginin yası tutulmaz.

Məhəbbət sevginin eşqiylə yatsın!

Dodaqlar sevginin hərarətiylə,

Yerindən oynadar qarı, yağışı.

Deyəsən, göz dəyir sevgilim bizə.

Gəl uzaq saxlayaq dostu, tanışı.

***

Gözlərin eşqinin izin itirib.

Sözlərin sevgidən nağıl danışır.

Məni sevmirsənsə dilin de niyə?

Başqasın sevməyim deyə dalaşır.

Susdurma içində boğduğun səsi!

Qorxma hislərindən mərd ol, sevgilim!

Doğrudan əl çəkib yalan danışma,

Lap belə qəlbimə dərd ol, sevgilim!

 Sevənlər

Sənin sağlığına qalxır badələr,

Sənin atəşinlə dərdlər kül olur.

Bəzən sevgiləri qutaran təkcə,

Sakitcə verilən bəyaz gül olur.

Deyəndə sevməyə nə var asandı?

Bilmirdin ayrılıq sənə yar olar!

Könlü qırılmasa sevgililərin,

Sevənlər hamıdan bəxtiyar olar!

***

Yaşamaq istəyin çoxdursa əgər,

Gəl sənə ömrümü hədiyə verim.

Sevilmək istəyin yoxdursa əgər,

Mən sənə ömrümü nə deyə verim?

Üsyankar baxışlar məhv edər səni.

Qəzəbin sevgiylə dostluğu tutmaz!

Çox vaxt yaralara olsa da məlhəm,

Sevgi göz yaşların bəzən qurutmaz!

***

İstəsəm ayazı saz edərdin sən.

Ruhuma sevgidən nəğmə qoşardın.

İstəsəm payızı yaz edərdin sən.

Ağacda xəzan yox, sevgi bitərdi.

Deyəndə gəl sevmə yanacaq qəlbin!

Sən məni sevməyi asan sanırdın.

Deyəndə gəl sevmə öləcəksən, sən!

Sən mənsiz ölməyi günah sayırdın.

Sevmisən gəl indi nazımı da çək!

Taleyin yolunu tərs döndərməyək.

Onsuzda sevirik bir-birimizi,

Mərd olub bu eşqə üz çöndərməyək!

Mənbə: https://edebiyyat.az/