Mənim dənizim sən ol,
Kirpiyin ləpələrim.
Saçlarında yuyunum,
Üzünə səpələnim.

Coşanda dalğaların,
Bir mən olum, bir də sən.
Gözlərini öpdükcə,
Dodağımı yusun nəm.

Yaxanı hər açanda,
Gün doğsun otağıma.
Əllərin ağ qağayı,
Toxunsun yanağıma.

İncə təbəssümünlə,
Dürmək edim çörəyimi.
Qoşa-cüt hörüyünlə,
Qundaq edim ürəyimi.

Mənim dənizim sən ol,
Mən sənə yelkən olum.
Dənizi qucaqlayan,
Ən əziz ölkən olum.