Əzizim, dərd aşına,
Qonağam dərd aşına.
Nə ola bircə kərə
Yar gülə, dərd aşına*.
*aşınmaq – yox olmaq
Əzizim, yad aşına,
Göz dikmə yad aşına.
Soysuzdan qonşu olmaz,
Ya qala, ya daşına.
Əzizim, dost aşına,
Qonaq ol dost aşına.
Elə otur, elə dur –
Sevinsin dost-aşina.
Əzizim, dərdə sına,
Kim istər dərdə sına?!
Narın necəliyini
Bağından dər də, sına.
Əzizinəm, şirəyə,
Ağzım batıb şirəyə.
Çətin eşq dəlisinin
Biləyini şir əyə.
Əzizim, qar daşıyam,
Buz qıram, qar daşıyam.
Harda bir dərviş varsa,
Mən onun qardaşlyam.
Əzizim, dərdə sinəm,
Tuş oldu dərdə sinəm.
Şah vüqarım qoyarmı
Əyiləm dərdə, sinəm?!
Əzizim, dərd işinə,
Girişib dərd işinə.
Dərdiş də kəf gələrmi,
A dərdiş, dərdişinə?!
Əzizinəm, cinasa,
Könül verdim cinasa.
Oğul odu nəfsindən
Şeytan asa, cin asa.
Əzizim, arabada,
Köç gəlir arabada.
Aşiqsən, elə davran,
Getməsin ara bada.
Əzizinəm, zəmindən,
Həm təməl, həm zəmindən.
Toxumu vaxtında səp,
Tuta bilsin zənin dən.
Əzizinəm, qılçıxdı,
Bu, arpa yox, qılçıxdı.
Bir tikə yemək verdin,
Arasından qıl çıxdı.
Əzizim, qalxışmada,
Yatanlar qalxışmada.
Ya dəmir yumruğa dön,
Ya sıxıl qal xışmada.