Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəxlər və Mədəniyyətlər Festivalı keçirilib. Azərbaycanın Özbəkistandakı səfirliyinin tabeliyində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi festivalda ölkəmizin zəngin milli mətbəxini, mədəni irsini və incəsənətini əks etdirən təqdimatlarla uğurla iştirak edib.

Bu barədə AZƏRTAC-a Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bu il festivala Azərbaycan da daxil olmaqla 15-dən çox ölkənin diplomatik nümayəndəlikləri qatılıb. Tədbir çərçivəsində iştirakçı ölkələr milli mətbəx nümunələrini, süfrə mədəniyyətini, adət-ənənələrini, musiqi və rəqslərini, eləcə də özünəməxsus mədəni irsini nümayiş etdiriblər.

Festivalın bədii hissəsində mərkəzin “Qarabağ Zəfəri” Rəqs Ansamblının ifasında Azərbaycan milli rəqs sənətinin zənginliyi və mədəni irsimizin özünəməxsusluğu festival iştirakçılarına təqdim olunub.

Müsabiqə çərçivəsində müxtəlif ölkələrin təqdim etdiyi milli yeməklər, onların hazırlanma xüsusiyyətləri, süfrə tərtibatı və təqdimetmə mədəniyyəti münsiflər heyəti tərəfindən ayrı-ayrı nominasiyalar üzrə qiymətləndirilib.

Festivalın yekun nəticələrinə əsasən, Azərbaycan “Ən yaxşı mətbəx” nominasiyası üzrə ikinci yerə layiq görülüb.

2004-cü ildən etibarən ənənəvi şəkildə keçirilən “TASANNO” Beynəlxalq Milli Mətbəxlər və Mədəniyyətlər Festivalının əsas məqsədi xalqlar arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi, mədəni dialoqun inkişafı və xalq diplomatiyasının imkanlarının genişləndirilməsidir. “TASANNO” festivalı müxtəlif xalqların milli mətbəxini, incəsənətini və mədəni ənənələrini vahid platformada bir araya gətirməklə ölkələr arasında mədəni-humanitar əlaqələrin genişləndirilməsinə, qarşılıqlı tanıtımın gücləndirilməsinə və dostluq münasibətlərinin inkişafına mühüm töhfə verir.

Mənbə: https://azertag.az/