Tbilisi şəhərində Azərbaycan Respublikasının layihələri çərçivəsində fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzində peşəkar rəssam, Gürcüstan Milli Rəssamlar Akademiyasının üzvü Elman Qurbanovun rəhbərliyi ilə rəssamlıq dərnəyi fəaliyyətə başlayıb.

Bu barədə AZƏRTAC-a mərkəzin icraçı direktoru Rəna Hüseynova məlumat verib.

Onun sözlərinə görə, son illər Gürcüstan Rəssamlıq Akademiyasına qəbul olmaq istəyən soydaşlarımızın istəklərini və artan marağını nəzərə alaraq mərkəzdə rəssamlıq dərnəyinin yenidən açılmasına qərar verilib.

Rəssamlıq dərnəyində dərslər nəzəri və praktiki məşğələlər şəklində keçirilir. Proqrama təsviri sənətin əsasları, akademik rəsm, akademizm, kompozisiya, rəngkarlıq və müxtəlif rəng texnikaları daxildir. Mərkəz gələcəkdə dərnək üzvlərinin əl işlərindən ibarət sərgilərin təşkil olunmasını və onların müxtəlif incəsənət layihələrinə cəlb edilməsini də planlaşdırır.

Dərnəyin rəhbəri Elman Qurbanov qeyd edib ki, məşğələlərin əsas məqsədi gənclərdə estetik zövqü formalaşdırmaq, onların yaradıcı təfəkkürünü və fərdi bacarıqlarını üzə çıxarmaqdır. Eyni zamanda, akademiya və digər incəsənət yönümlü ali məktəblərə qəbul olunmaq istəyən tələbələr üçün xüsusi hazırlıq proqramı tətbiq edilir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Mənbə: https://azertag.az/