10304351_268609333324646_7910328543693681828_n

Yetdi sevgimizin son bazar günü…

Yetdi sevgimizin son bazar günü,
Sənə də yaxşı yol, mənə də, gedək.
Axır ki, lal etdin bu xəstə canı,
Güldün saçımdakı dənə də, gedək.

Sevda nəğmələri karıma yetmir,
Həsrət uşaq döyən dayə kimidi.
Sanki ruhun köçür, dediyin sözlər,
Yad dildə oxunan ayə kimidi.

Kimdir yanağına dodaq uzadan?
Bir kölgə kəsdirib yanını sənin…
Sən ki məni sevdin, daha qəm yemə,
Ta tütyə biləcəm canını sənin.

Dərdin soyuğundan könül buz tutub,
Qaçım, küçədəki xanımı büküm.
Arada əynimdən sürüşür ruh da,
Mənə yaylıq gətir, canımı büküm.

Soyuq rüzgarlara can qapı açmaz…

Soyuq rüzgarlara can qapı açmaz,
Sən yoxsan, dən basıb telimi yenə.
Bilmir hara uçsun kor alabaxta,
Qatı duman basıb elimi yenə.

Ruhumun damında quşlar ev tikir,
Ömür şüşəmizdə çatlar böyüyüb.
Durma gen sahildə boş qayıq kimi,
Bir bax, hürkütdüyün atlar böyüyüb.

Könül al butalı palaz kimidi,
Bir doğru fikir yox, közüm öyrəşsin.
Mən səni çox gördüm çəhrayı rəngdə,
Bir az da ağ geyin, gözüm öyrəşsin…