Azərbaycan Yazıçılar Birliyinin üzvü
Görün necə…
(Şəhid Anar Nağıyev Sahib oğlunun xatirəsinə)
Görün necə…
Bu vətənin sağlığına can verənlər yaşayarmış,
Yaşadıqca vətən adın zirvələrə daşıyarmış,
Görün necə, vətən üçün əlləriylə daş oyarmış,
Şəhidlərim…
Görün necə…
Pak torpağa paklığını qanlarıyla bəxş edərlər,
Yaddaşlara igidliyi, mərdliyini nəqş edərlər,
Görün necə, azadlığı bizə verib, tez gedərlər,
Şəhidlərim…
Görün necə…
Yaramızı sarmaq üçün gəncliyinə vəda edib,
Həqiqi eşq ilə canı vətəninə fəda edib,
Anar kimi şəhadəti könlümüzə nida edib,
Şəhidlərim…
TORPAĞI DOYDURAN ŞƏHİD
(Şəhid Zeynallı Rəşad Qiyas oğlunun xatirəsinə)
Vətən doydu qanın ilə,
Torpağı doyduran şəhid.
Elə cavan şəhid oldun,
Ürəyi oyduran şəhid.
Arzulara baxmadın sən,
Həyat yolu axmadın sən,
Bəyliyini taxmadın sən,
Bayrağı qaldıran şəhid!
Tarixə həkk oldu adın,
Var idi bircə muradın,
Muradı yetdi Rəşadın,
Torpağı doyduran şəhid.
Gözü yaşlı qaldı anan,
Bütün ömrü oldu talan.
Halına olmadı yanan.
Bağrını yandıran şəhid.