Azərbaycan Dövlət Uşaq Filarmoniyasında 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Sizin üçün” adlı konsert proqramı təşkil edilib.

AZƏRTAC xəbər verir ki, zəngin musiqi nömrələri ilə seçilən konsert proqramında milli və müxtəlif xalqların mahnı və rəqsləri təqdim olunub, bəstəkar mahnıları səsləndirilib.

Konsertdə Dövlət Uşaq Filarmoniyasının “Musiqili Uşaq Teatrı”, müxtəlif yaş qruplarından ibarət “Şəms” uşaq xoru, vokal sinfi, rəqs kollektivləri bir-birindən rəngarəng, maraqlı nömrələrlə çıxış edib.

“Musiqili Uşaq Teatrı”nın balaca qəhrəmanları öz səhnəciklərində nənələri, anaları bayram münasibətilə təbrik etməyi də unutmayıblar. Həmçinin vokal sinfi “Ana” mahnısı, “Şəms” uşaq xoru “Nənə”, “Ana” mahnıları, rəqs kollektivləri isə eyni məzmunlu rəqslərlə Beynəlxalq Qadınlar Gününü təbrik ediblər.

Qeyd edək ki, hər zaman olduğu kimi budəfəki konsert proqramı da tamaşaçıların aramsız alqışları ilə sona çatıb.

Mənbə: https://azertag.az