Azərbaycan ədəbiyyatının və elmi fikrinin beynəlxalq müstəvidə təbliği istiqamətində növbəti mühüm uğura imza atılıb. Şeir, hekayə və elmi məqalələri dünyanın 60-dək ölkəsində nəşr olunan, çoxsaylı beynəlxalq layihələrdə ölkəmizi təmsil edən şair, yazıçı, ədəbiyyatşünas alim və Türk Akademisyenlər Birliyinin sədr müavini Prof. Dr. Təranə Turan Rəhimlinin elmi məqaləsi ABŞ mediasında işıq üzü vərib. Şərq-Qərb Kontekstində Banin İrsi Azərbaycan mühacirət ədəbiyyatının görkəmli nümayəndəsi, Fransada yaşayıb-yaratmış məşhur yazıçı Ümmülbanunun (Banin) yaradıcılığına həsr olunmuş tədqiqat əsəri “Maskomania News” platforması tərəfindən ingilis dilinə tərcümə edilərək xarici oxuculara təqdim olunub. Məqalədə Baninin zəngin irsi Şərq-Qərb ədəbi və mədəni əlaqələri kontekstində dərindən təhlil olunur, onun fransızdilli ədəbiyyatdakı özünəməxsus yeri və Şərq təfəkkürünü Qərb oxucusuna çatdırmaq bacarığı elmi müstəvidə qiymətləndirilir. Ümmülbanunun Beynəlxalq Ədəbi Nüfuzu Məşhur neft milyonçuları Şəmsi Əsədullayev və Musa Nağıyevin nəvəsi, dövlət xadimi Mirzə Əsədullayevin qızı olan Ümmülbanu (Banin) XX əsr fransızdilli Avropa ədəbiyyatında özünəməxsus iz qoymuş ilk azərbaycanlı qadın yazıçıdır. Onun “Qafqaz günləri”, “Paris günləri” kimi avtobioqrafik romanları Avropada böyük əks-səda doğurub və bir çox dillərə tərcümə edilib. Banin təkcə öz əsərləri ilə deyil, həm də dövrün görkəmli ziyalıları — İvan Bunin, Andre Malro, Nikos Kazantzakis, Ernst Jünger və Anri Monterlan kimi dünyaşöhrətli ədib və mütəfəkkirlərlə yaxın dostluq əlaqələri, yaradıcılıq əməkdaşlığı, intellektual tərəfdaşlığı ilə beynəlxalq ədəbi mühitdə yüksək nüfuz qazanıb. Məqaləni tərcümə edib yayımlayan “Maskomania News” ABŞ-ın Kaliforniya ştatında fəaliyyət göstərən (“Maskomania News LLC”), faktlara əsaslanan xəbər, dərin analitika və obyektiv şərhlər təqdim edən müstəqil rəqəmsal media platformasıdır. Media orqanının adı — “Maskomania” müasir ictimai-siyasi həyatda fərdlərin, təsisatların və cəmiyyətlərin geyindiyi “ictimai maska” ideyasından götürülüb. Platformanın əsas missiyası zahiri görünüşün arxasındakı real mahiyyəti üzə çıxarmaq, mürəkkəb siyasi, sosial və mədəni proseslərin dərinliyinə vararaq oxuculara dəqiq, qərəzsiz və obyektiv məlumat çatdırmaqdır. Nəşrin fəaliyyətində sensasiya və operativlikdən ziyadə, məsələlərin mahiyyəti, dərin təhlili və məsuliyyətli jurnalistika prinsipləri ön planda dayanır. Müstəqil redaksiya siyasəti yürüdən, beynəlxalq məsələlərə qlobal bucaqdan yanaşan və ciddi redaktor nəzarəti mexanizminə sahib olan belə bir nüfuzlu ABŞ platformasında Azərbaycan ədəbiyyatşünaslığına dair materialın dərci böyük əhəmiyyət kəsb edir. Bu, milli mədəni irsimizin, mühacirət ədəbiyyatımızın və azərbaycanlı alimlərin elmi potensialının dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm addımdır. Məqalə nəşrindən dərhal sonra “Maskomania News”-un Facebook və X (keçmiş Twitter) sosial şəbəkələrində, həmçinin ABŞ prezidenti Donald Trampın Truth Social platformasında da oxucularla paylaşılıb. Qeyd edək ki, Truth Social Donald Tramp tərəfindən 2021-ci ilin yanvar ayında təsis olunmuş Trump Media & Technology Group (TMTG) şirkətinə məxsus sosial platformadır.

Məqalənin tam mətni ilə tanış olmaq üçün:

https://maskomania.com/ummulbanu-banin-east-west-literary-relations/

https://maskomania.com/ummulbanu-banin-east-west-literary-relations/