Bu gün dünya şöhrətli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatı laureatı Fikrət Əmirovun (1922-1984) anadan olmasının 100 illiyi tamam oldu.
Fikrət Əmirovun doğum günündə Mədəniyyət Nazirliyinin nümayəndələri, sənətkarın ailə üzvləri, tanınmış mədəniyyət və incəsənət xadimləri Fəxri xiyabanda dahi bəstəkarın məzarını ziyarət ediblər.
Mərasimdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Fikrət Əmirovu milli mədəniyyətimizin parlaq simalarından biri kimi səciyyələndirib. Bildirib ki, bəstəkar 38 ildir bu dünyadan köçsə də, onun zəngin yaradıcılığı daim bizimlədir: “Fikrət Əmirovun əsərləri ölkəmizdə və xaricdə möhtəşəm teatr və konsert salonlarında səslənərək Azərbaycanın musiqi şöhrətini dünyaya yayır. O, Azərbaycan musiqisini dünya musiqisi ilə uğurlu sintez edərək simfonik muğam janrını yaradıb”.
Bəstəkarın yaradıcılığının həmişə dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini deyən Vaqif Əliyev qeyd edib ki, ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərliyinin hər iki mərhələsində bəstəkarın yaradıcılığına diqqət və qayğı göstərib. Prezident İlham Əliyevin Fikrət Əmirovun 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı imzaladığı sərəncam da sənətkarın zəngin irsinə dövlət qayğısının davam etdiyini göstərir. Dövlət başçısının sərəncamına əsasən, dahi musiqiçinin yubileyi ölkəmizdə və xaricdə təntənəli şəkildə qeyd olunur. Bəstəkarın 100 illiyinin UNESCO-da qeyd olunması isə təkcə Fikrət Əmirov irsinə deyil, bütövlükdə Azərbaycan mədəniyyətinə olan diqqət və marağın bariz göstəricisidir: “Azərbaycan musiqi mədəniyyətinə parlaq nümunələr bəxş etmiş bəstəkarın zəngin irsi yeni nəsil bəstəkarlar üçün bir örnəkdir. Fikrət Əmirovun xatirəsi qəlbimizdə əbədi yaşayacaq”.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə çıxışında bəstəkarın simfonik muğam janrının banisi kimi xidmətini xüsusi qeyd edib. Bildirib ki, yaradıcılığı zəngin milli köklərə əsaslanan Fikrət Əmirov Azərbaycan musiqisinin yeni mərhələdə inkişafını təmin edən şəxsiyyətlərdəndir. Onun simfonik muğam və muğam-poema janrlarında olan əsərləri musiqi sənətinin diqqətəlayiq nümunələrindəndir”.
Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli bəstəkarın 100 illik yubileyinin yüksək səviyyədə qeyd olunmasına görə dövlətimizə təşəkkürünü bildirib. Diqqətə çatdırıb ki, Fikrət Əmirovun simfonik muğamları dahi dirijorların idarəçiliyində səslənib: “Bütün dünya onun əsərlərini ayaq üstə alqışlayıb. Amerikalı dirijor L.Stakovski Fikrət Əmirova yazdığı məktubda demişdi: “Sizin əsərlərinizi Amerikanın bir sıra şəhərlərində ifa etdim. Sizin əsərlərinizdən sonra konserti davam etdirmək mümkün deyil. Ona görə ki, insanlar ayaq üstə durub sizin əsərinizi alqışlayır. Bu gündən sonra mən sizin əsərlərinizi həmişə konsertin sonunda ifa edəcəyəm”. Bu sözlər bir daha göstərir ki, Fikrət Əmirov Azərbaycan musiqisini dünya musiqi inciləri sırasına daxil edib. Vaxtilə bu əsərlərin unudulacağını deyən insanlar bu gün görürlər ki, bəstəkarın milli musiqiyə söykənən əsərləri uzaq Amerikadan Yaponiyaya qədər bir çox səhnələrdə Azərbaycan musiqisinin təntənəsini təqdim edir”.
Çıxışlardan sonra bəstəkarın məzarı önünə əklil və gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib.
Xatırladaq ki, Fikrət Əmirovun “Min bir gecə” baleti dünya musiqi xəzinəsinin inciləri sırasına daxildir. Bəstəkar həmçinin musiqi mədəniyyətimizə konsert janrının da yaradıcısı kimi daxil olub. Əsasını qoyduğu simfonik muğam janrı “Şur”, “Kürd ovşarı” və “Gülüstan – Bayatı-Şiraz” kimi dəyərli əsərlərlə təmsil olunub. “Nizami” simfoniyası, doğma vətəni tərənnüm edən “Azərbaycan kapriççiosu”, “Azərbaycan süitası”, “Azərbaycan qravürləri” sənətkarın zəngin irsinin dəyərli səhifələrini təşkil edir.
Mənbə: https://culture.gov.az/