İyulun 14-də Nizami Kino Mərkəzində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin polkovniki, Milli Qəhrəman İlqar Mirzəyev haqqında çəkilmiş “Artilleriyanın atası” sənədli filminin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, filmin rejissoru və ssenari müəllifi Kamalə Musazadə, operatoru Soltan Abdullayev, montajçıları Kamalə Musazadə və Sabir Əskərzadə, prodüseri isə Nazim Hüseynovdur.
Jurnalistlərə müsahibə verən Kəmalə Musazadə filmin çəkilişləri ilə bağlı məlumat verib: “Bizim studiyada Polad Həşimovla bağlı film çəkildiyi üçün mən onun döyüş yoldaşı İlqar Mirzəyev haqda film çəkməyi düşündüm. Onun döyüş yoluna, şəxsi keyfiyyətlərinə baxanda çox heyrətlənirdim. İlqar Mirzəyev Aprel döyüşlərində artilleriya komandiri olub. Biz çəkilişləri həmin artilleriya qurğularının yerləşdiyi ərazidə, həmçinin Tovuz döyüşləri zamanı onun şəhid olduğu yerdə apardıq. “Qara qaya” zirvəsində bu hadisə baş verəndə İlqar Mirzəyevlə birgə döyüş yoldaşı Təbriz Kərimov da orada idi. Biz onların qurumayan qanını lentə almışdıq. Təbriz Kərimov ağır yaralansa da, sağ qalıb və öz qanını filmin nümayişi zamanı görəndə çox təsirləndi”.
Filmin nümayişindən əvvəl çıxış edən Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev bildirib ki, 6 aydan sonra Azərbaycan xalqı rəşadətli Qələbənin ikinci ildönümünü qeyd edəcək. O, qeyd edib ki, Azərbaycan Ordusunun qazandığı Qələbə incəsənətin bütün növlərində əks olunmalıdır.
Sonra film nümayiş etdirilib.
Film Tovuz döyüşlərinin ikinci ildönümünə həsr olunub. 2020-ci il iyulun 12-14-də ermənilərin növbəti təxribatı nəticəsində Tovuz döyüşlərində Polad Həşimov və İlqar Mirzəyevlə birlikdə 12 nəfər şəhid olub.
Qeyd edək ki, Polad Həşimov 1975-ci ildə Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olub. 1976-cı ildə Həşimovlar ailəsi Qəbələ rayonundan Sumqayıt şəhərinə köçüb və burada yaşamağa başlayıblar. P.Həşimov Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun komandir müavini – Qərargah rəisi olub.
Bakıda, Sumqayıtda və Qəbələdə küçələrdən birinə Polad Həşimovun adı verilib. Bundan başqa, Türkiyənin Osmanqazi rayonunda Polad Həşimovun adını daşıyan park salınıb.
İlqar Mirzəyev isə 1973-cü ildə Gürcüstanın Qardabani rayonunda anadan olub. O, Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun artilleriya rəisi vəzifəsində çalışıb.
Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 9-da imzaladığı Sərəncamla Polad Həşimova və İlqar Mirzəyevə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Polad Həşimov və İlqar Mirzəyev 2020-ci il iyulun 15-də İkinci Fəxri xiyabanda dəfn olunublar.
Mənbə: https://azertag.az