Əhməd Cavad Məhəmmədəli oğlu Axundzadə 1892-ci ildə may ayının 5-də Şəmkirin Seyfəli kəndində gəlmişdir. Babaları Cənubi Azərbaycandan olmuşdur. Atası molla Məhəmmədəli dövrünün zəngin bilikli ziyalılarından biri kimi tanınmışdır. O, 1898-ci ildə vəfat etmişdir. Hələ çox kiçik olan Əhməd zehinli, uşaq kimi hamının rəğbətini qazanmışdır. İlk təhsilini doğma kəndindəki mollaxanada almış, sonra isə Gəncədə ruhani seminariyasında oxumuşdur. Onun müəllimləri arasında görkəmli Azərbaycan ziyalılarından şair-dramaturq Hüseyn Cavid, jurnalist tənqidçi Abdulla Şur, Şeyxülislam Pişnamazzadənin olması həmin məktəbin nüfuzu və səviyyəsi haqqında dərin təsəvvür yaradır. Qələm təcrübəsinə hələ seminarist ikən başlayan Əhməd ilk şeirləri ilə müəllimlərinin rəğbətini qazana bilmişdir. Abdulla Tofiq (Şur) vaxtıilə dostu Abdulla Şaiqə yazdığı bir məktubunda Ə.Cavadın bir gənc şair kimi onda böyük ümidlər oyatdığından bəhs etmişdir.
1912-ci ildə Əhməd Cavad seminariyanı bitirərək müəllimlik şəhadətnaməsi almışdır. Birinci Dünya müharibəsi illərində şair rus imperializminə və onun havadarlıq etdiyi erməni daşnaqlarına qarşı türk vilayətlərindəki mübarizədə yaxından iştirak etmişdir. Xeyriyyə cəmiyyətinin üzvlərindən biri kimi Ərzurum, Qars və Batumda geniş fəaliyyət göstərmişdir. Ə.Cavad müharibədən ən çox zərər çəkmiş Batumda küçə-küçə gəzib siyahılar tərtib etmiş, yoxsulları, əlilləri qeydə almışdır. O, təmsil etdiyi cəmiyyətin imkanlarından istifadə edərək qaçqınlara, davada həlak olmuş əsgərlərin ailələrinə hər cür maddi və mənəvi köməklik etmişdir. Bu mürəkkəb şəraitdə xeyriyyə işlərindən imkan düşdükcə məqalə və şeirlər yazaraq orduya əlindən gələn mənəvi köməyi etmiş, həm də öz xalqını oyatmağa çalışmışdır.
Batumda olarkən (1916-cı ildə) Ə.Cavad gələcək həyat yoldaşı Şükriyyə xanıma rast gəlmiş, bir qədər sonra onunla ailə qurmuşdur.
1917-ci ildə Rusiyada bəşər tarixində ictimai-siyasi hadisə ilə müqayisə oluna bilməyən Oktyabr çevrilişi baş verir. İmperiyada amansız zülmə məruz qalan xalqlara öz müqəddəratını həll etmək hüququ verirdi. Bir çox xalqlar kimi Azərbaycanın da vətənpərvər övladları yaranmış fürsətdən istifadə edərək Tiflisdə toplanıb maddi və mənəvi mərhumiyyətlər hesabına olsa da, 1918-ci ilin 28 Mayında Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını elan edirlər. Yaranmış Cümhuriyyətin ilk paytaxtı Gəncə şəhəri elan olunur. Lakin az sonra Cümhuriyyət Bakı şəhərinə köçürülmüşdür. Qabaqcıl, vətənpərvər, ziyalılar tərəfindən yeni müstəqil dövlət böyük ruh yüksəkliyi ilə qarşılanır. Əhməd Cavadın yazdığı şeirlər müstəqil dövləti tərənnüm etməklə yanaşı, azadlıq, vətənpərvərlik ideyalarının vüsətini əks etdirmişdir. Həmin dövrdə yazdığı şeirlərdən biri Azərbaycan Xalq Cümhuriyyətinin himni kimi məhşurlaşır.
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Minlərlə can qurban oldu!
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət,
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
1920-ci ilin aprel ayının sonlarında tərkibi əsasən rus bolşeviklərindən və erməni daşnaqlarından ibarət olan XI Qızıl Ordu Azərbaycan ərazisinə yeridildi, müstəqil dövlətimizin fəaliyyətinə son qoyuldu. Cümhuriyyətin süqutundan bir neçə ay sonra Ə.Cavad təyinatla Qusar rayonuna müəllim göndərilmiş, ailəsi ilə birlikdə Qusarın Xulud kəndinə köçərək burada əvvəl müəllim, az sonra isə həmin məktəbin direktoru kimi fəaliyyət göstərmişdir.
1922-ci ildə Ə.Cavad Ali Pedaqoji İnstituta daxil olur. Bir il sonra o görkəmli azadlıq mücahidi M.Ə.Rəsulzadənin silahdaşlarından Mirzəbala Məmmədzadənin Türkiyəyə getməsini təşkil etməkdə ittiham edilərək həbs edilmiş, lakin ittiham sübuta yetmədiyi üçün azad olunmuşdur. O, 1924-cü ildə “Maarif və mədəniyyət” jurnalına məsul katib təyin olunur. İşləyə-işləyə təhsil aldığı Ali Pedaqoji İnstitutu 1926-cı ildə bitirmiş, sonra Azərbaycan Politexnik İnstitutunda müəllimlik etmiş, eyni zamanda Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda dosent, dilçilik kafedrasının müdiri, rus dili üzrə ilk professorlardan biri olmuşdur.
Əhməd Cavadın yaradıcılığının birinci mərhələsi, bədii axtarışlarının məzmunu haqqında aydın təsəvvür yaradır. Bu baxımdan onun “Qoşma” (1916) və “Dalğa” (1919) kitabları çox qiymətli əsərlər hesab olunur. Bu mərhələnin səciyyəvi və maraqlı nümunələrindən biri şairin öz qələminə, istedadına müraciətlə yazdığı “Şeirimə” (1913) əsəridir. Bu şeirdə müəllif bir qədər keçmişə qayıdaraq, bir şair kimi yaradıcılığa başladığı günləri yada salır, ilk uğurlarından necə sevindiyini xatırladır. Lakin bu şeiri qələmə alarkən Əhməd Cavad böhranlı fikir və duyğulardan sıxılaraq şair olduğu üçün peşimançılıq çəkir. “Yaralı quş” şeiri də şairin bu mərhələdəki əhval-ruhiyyəsinin əks olunduğu əsərlərdən biridir:
Yaralıdı könlüm quşu, yaralı,
Yaralandı yazıq şair olalı!
Əhməd Cvadın 1910-cu ilin əvvəlindəki axtarışları zamanı yaradana müraciətlə yazılmış “Münacat” adlı şeirində bütün ümidini, iradəsini tanrıya bağlayır, vətənin, xalqın xilası naminə ondan imdad diləyir:
Ey mərdliyi ilhaq edən böyük haqq,
Buyruq sənin, qullarına nə sorma?
Pək dərdliyik, bir ərzimiz var ancaq:
Cəbrayıldan göndər bizə bir sancaq!..,
Yarəb, vətən sənin, iman sənindir!
Mömini dindirən Quran sənindir!
“Sən”, “Bir gül əkdim”, “Ümidimə”, “Görünməz yollardan” kimi şeirlərdə lirik qəhrəmanın ümüdsizliyi son həddə çatmışdır. Ən ağır böhranlı vaxtlarda belə Əhməd Cavad özünü ovundurmaq üçün fövqəladə bir qüvvə tapmışdır.
Əhməd Cavadın “Nədən yarandın” (1914) şeiri onun yaradıcılıq dünyasını yaxından tanımağa imkan verir.
Sən qüdrətin açıb-coşan vaxtında,
Mələklərin gülüşündən yarandın.
Sehir dilli bir fırçanın əliilə,
Ahuların duruşundan yarandın…
Qaranlıqda boğularkən ümidim
Dan ulduzu yürüşündən yarandın…
Gözəllikçin təbiətlə qüdrətin
Yavaşca bir coşqusundan yarandın.
Qələm əldə ilhamımı dinlərkən
Sən qəlbimin duruşundan yarandın.
“Dalğa” şeirində şairin vətənpərvərlik duyğuları, geniş həyat hadisələri sənətkarlıq baxımından daha təsirli vasitələrlə əks etdirilir. “Qoşma” və “Dalğa” arasında keçən müddətdə Azərbaycanda, bütünlükdə Yaxın Şərqdə böyük miqyaslı, mürəkkəb ictimai-siyasi hadisələr baş verməkdə idi.
Əhməd Cavad ilk Azərbaycan Xalq Cümhuriyyətini bolşevik-daşnaq əsarətindən xilas etmək üçün gəlmiş türk ordusunu öz əsərlərində dərin səmimiyyətlə qarşılayır, onun təkcə azərbaycanlılar qarşısında deyil, bütün türklər və tərəqqipərvər dünya qarşısında tarixi xidmətlərini tərənnüm edirdi. “Türk ordusuna” şeirində qardaş ölkənin xilaskar ordusu Turandan rus işğalçılarını qovduqları üçün alqışlanırdı. Viran edilmiş Xan sarayı da xalqın müsibətləri üçün qan ağlayan Araz da, Kür də, Qara dəniz də vüqarlı Qars qalası, uca Dağıstan dağları da türk ordusunun insanpərvərlik missiyası sayəsində şeirdə yeni həyata qovuşurlar:
Ey şanlı ölkənin şanlı ordusu,
Unutmam Qafqaza girdiyin günü!
Gəlirkən qovmağa Turandan Rusu,
Ayağını Qara dəniz öpdümü?!
Əhməd Cavadı, onun təmsil etdiyi azadlıqsevər Azərbaycan ziyalılarını milli istiqlal uğrunda mübarizə cəbhəsinə gətirən səbəbləri açıqlamaq baxımından “Kuropatkinə” (1917) şeiri xüsusiilə əhəmiyyətlidir. Kuropatkin Rusiya imperiyasının milli əyalətlərdə, müsəlmanların yaşadıqları regionlarda hökmranlıq edən canişinlərinin ümumiləşdirilmiş surətini vermişdir. İmperiyanın sadiq nökərləri əllərindəki hüdudsuz hakimiyyətdən sui-istifadə edirdilər. Şairin nəzərində öz amansızlığı ilə dünyada bədnam olmuş rus çarizmi, yaxud onun yerində imperiya iddiaları ilə əyalətləri qorxuya salan “Qızıl ordu” Azərbaycanın müstəqillik yoluna qədəm qoymasını, milli dövlətini qurub, əsrin tələblərinə uyğun yeni inkişaf yoluna düşməsi Rusiya bolşeviklərini bərk narahat edirdi. Onlar əvvəlcə Yaxın Şərqdə, sonra isə dünya inqilabının qələbəsi üçün Azərbaycandan bir vasitə kimi istifadə etmək, müstəqil Azərbaycan hökumətini yıxmaq, ölkənin strateji sərvətlərini, o cümlədən neftini talamaq haqqında planlar hazırlayırdılar. Bu acı həqiqətləri görən Əhməd Cavad tez-tez bütün xalqın adından öz etiraz səsini ucaldırdı:
Bu dağlar mənimdir, yeni gün gördü,
Boğar səni ahım, ey duman, gəlmə!
İnanma fələyə, dönükdür üzü,
Bir üzə gülməyir, hər zaman, gəlmə!
Sən ey gözlərimə batan quruntu,
Sağlam bir imana səndən nə qorxu?
Bəslərsə vicdanlar pək böyük duyğu,
Yenilməz bir qələ hər vicdan, gəlmə!
1920-ci il aprel ayının son günlərində Bakını işğal edən XI Qızıl Ordu Azərbaycan Demokratik Respublikasının mövcudluğuna son qoyulması, şairin yaradıcılığında yeni ideya-bədii meyillərin təzahürü ilə müşahidə olundu. Onun dərin sarsıntılarla kədər ifadə edən şeirləri, eləcə də “Göy-göl” şeiri qələmə alındığı illərdə Azərbaycan poeziyası ictimai-siyasi səbəblər üzündən böhran keçirirdi. Lirika acınacaqlı bir vəziyyətə düşmüşdür. Bolşevik əsarətinin mənəvi sıxıntıları nəticəsində H.Cavid, A.Şaiq və Ə.Cavad əvvəlki kimi yaradıcılıq fəallığı göstərə bilmirdilər. Belə bir vaxtda lirikamızın parlaq incilərindən olan “Göy-göl” şeiri Azərbaycan poeziyasına yeni bir yaradıcılıq havası gətirdi. Bu nadir təbiət hadisəsini şair doğma Gəncənin, Azərbaycanın rəmzi kimi tərənnüm etmiş, onun şair təxəyyülündə əbədi bir yer tutmuşdur. “Pərizadə”, “Unudulmuş sevda”, “Sən ağlama”, “Nə yazım?”, “Gözəl qadın”, “Aya”, “Madonnaya” kimi şeirləri də bu qəbildəndir.
Eşqimin nə imiş bilməm günahı,
Yıxıldı kölnümün istinadgahı.
Nəsibim olsa da, dünyanın ahı,
Bu gün göz yaşımı siləcəyəm mən.
Yaxında didarım nəsib olmazsa,
Ümidsizlik məni salıb atəşə.
Alaraq əlimə dəmirdən əsa,
Bir gün hüzuruna gələcəyəm mən.
Əhməd Cvadın iyirminci illərin əvvəllərinə aid əsərlərinin müəyyən bir qismi onun Quba qəzasında Qusarın Xuluq kəndində müəllimlik etdiyi zamanın məhsuludur. Yaşadığı yerdə kənd müəlliminin məişət qayğılarından, yazmaqla yanaşı, şair ucqar bir Azərbaycan kəndindən imkan taparaq dünyada baş verən hadisələrə münasibətini bildirirdi. Onun qəlbi Xuluqdan çox-çox uzaqlarda türk övladlarının başına gələn faciələrdən bəhs edən “Volqa aslanlarına”, “Vətəndaş”, “Nə üçündür?” kimi şeirlər də yazmışdır.
1920-ci illərin sonu, 1930-cu illərin ortalarında müxtəlif səviyyəli yığıncaqların xitabət kürsülərindən siyasətbaz cızmaqaraçılar köhnə müsavatçı Əhməd Cvadı gözümçıxdıya salır, onun keçmiş fəaliyyəti haqqında dəhşətli nəticələr verə biləcək böhtanlar irəli sürürdülər. Belə əməllərə son qoymaq məqsədilə Ə.Cavad “İşçi!”, “Bir may bayramı”, “Moskva”, “Qızıl əskər nəğməsi”, “Pambıq dastanı” kimi əsərlərində yeni sosial mühitin tələblərinə cavab verməyə çalışmışdır.
Şairin yaradıcılığı təkcə lirik əsərlərdən ibarət deyil, o eyni zamanda epik janr sahəsində də qiymətli yaradıcılıq uğurları əldə etmişdir. Buna misal olaraq onun “Səsli qız”, “Kür” və “Pambıq dastanı” nı misal göstərmək olar.
Xalqın istiqlaliyyəti uğrunda mübarizəsi Ə.Cavadı bütün ömrü boyu düşündürən, uğrunda həyatını qurban verdiyi bir həyat yolu olmuşdur. “Səsli qız” poemasının ideya-məzmununda bu amal qabarıq surətdə verilmişdir. Əsərin süjet xətti onun baş qəhrəmanının şərəfinə mədhiyyə kimi düşünülmüşdür. Bu qızın səsi şairin nəzərində dünyadakı səslərin ən gözəli kimi verilmişdir. Bir qədər sonra gərgin, böhranlı vəziyyətinə çatanda məlahətli səs sahibi el yolunda canından keçməyə hazır olan bir qəhrəman kimi ucalır. Şair qədimdə amansız bir hökmdarın qonşuluqda yerləşən , ərazisi kiçik olan bir ölkəyə hücum edərək orada törətdiyi vəhşiliklərdən söz açmışdır. Düşmənin altı aylıq müharibədən, təxribat və qırğın əməliyyatlarından sonra başsız qalmış minlərlə ailə qaçqın və didərgin düşmüşdür. Poemanın qəhrəmanı müğənni Sara qalib şahın xoşuna gələn sözləri yox, öz qəlbinin dərinliklərindən süzülüb gələn vətən deyimlərindən ibarət mahnısını oxuyur, el-obanın düşdüyü müsibətlərdən nalə çəkir:
Mən ki səndən doymamışdım,
Quş qonmağa qoymamışdım.
Bir almanı soymamışdım,
Kim sənə kəc baxdı, dağlar?!
Dalğınam mən belə baxta,
Ürəyim qan, laxta-laxta.
Bax ki, kimlər çıxtı taxta,
Küstü kimin baxtı, dağlar?!
Çıxmamış gün, batmamış dan,
Qanlı bir toz qalxdı yoldan.
Qoç igidlər oldu qoldan,
Qanlı kəfən taxtı dağlar!
Bu mahnıdan sonra mövcud qaydaya görə xaqana mey təqdim edən Sara rəqqasələrin işə başladığı məqamdan istifadə edərək iti bir hərəkətlə badəyə zəhər tökür. Xaqan öz cəzasına çatır. Poema Saranın – “Səsli qızın” şərəfinə qoşulmuş oynaq, şən mahnı ilə bitir. Şairin ilhamının əsas işığı Saranın üzərinə yönəldilmişdir. Proloqdan epiloqa qədər poemada əsas yer tutan Sara bütün hadisələrin mərkəzində durmuşdur.
“Pambıq dastanı” ilə “Kür dastanı” poemaları arasında bəzi ümumi cəhətlər vardır. Onların ikisinin də kökündə şairin lirik duyğuları təsvir və tərənnüm edilir. Birinci əsərdə pambığın mədəni bitki kimi vətənə və digər ölkələrə yayılması tarixçəsi, ikinci əsərdə isə Kürün mənşəyindən başlamış Xəzərə tökülənə qədər davam edən yola nəzər salınır. Bu yol üstündəki ellər-obalar, təbiət mənzərələri təsvir olunur. Kürün lirik obrazını yaradan Ə.Cavad Kür sahillərində dolaşan Yunan, Ərəb, Rus ordularını görmüş, onların Kürdən su içən atlarının kişnərtisini eşitmiş kimi olur. Şair əsərdə Kür çayını Azərbaycanın timsalına çevirir. Dönə-dönə hücumlara məruz qaldığına, əyalətlərinin işğal edildiyinə baxmayaraq, Azərbaycan xalqının dözümü, dəyanəti, özündə qüvvət tapıb odlar-alovlar içindən çıxması, milli mənliyini qoruması ideyasını şair bir daha təsdiq edir.
Əhməd Cavad Azərbaycan Türk dili ilə yanaşı, Fars, Ərəb, Rus, Gürcü, Ləzgi dillərini də mükəmməl bilirdi. O, xalqlar arasında dostluğun, qarşılıqlı ədəbi-mədəni əlaqələrin inkişafında bədii tərcümənin roluna böyük əhəmiyyət vermişdir. İ.Turgenev, A.Puşkin və M.Qorkidən tərcümələri bunu deməyə əsas verir ki, Ə.Cavad rus dilini yüksək səviyyədə mənimsəmişdir.
Şair Nobel mükafatı laureatı Knut Hamsunun (Norveç ədibi) məhşur əsərlərindən olan “Aclıq” (Azərbaycan dilində, 1930), Maksim Qorkinin “Cocuqluq” (Azərbaycan dilində, 1929) romanlarının və bir sıra başqa yazıçılarının klassik nəsr əsərlərinin Ə.Cavad tərəfindən tərcümələri oxucular tərəfindən səmimi qarşılanmışdır.
Şair Şekspirin “Romeo və Cülyetta”sını qərbin “Leyli və Məcnun” u səviyyəsində Azərbaycan oxucusuna sevdirmişdir. Məhəbbət və qısqanclığın faciəsi olan “Otello” orijinalda olduğu kimi şair tərəfindən tərcümə edilmişdir. O, əsərlərin bədii səviyyəsinin qorunub saxlanlmasına ciddi əhəmiyyət verişdir.
Əhməd Cavadın dilimizə çevirdiyi əsərlər arasında böyük gürcü şairi Şota Rustavelinin “Pələng dərisi geyinmiş pəhləvan” poeması xüsusi yer tutur. Qonşu gürcü xalqının mənəvi sərvəti olan bu əsər üzərində işləyərkən gürcü dilini səlist bilən Əhməd Cavad aylarla Gürcüstanda qalmış, əsər ətrafında araşdırmalar aparmışdır. Nəticədə layiqli bir bədii tərcümə yaratmışdır.
Əhməd Cavad milli istiqlal şairi kimi Azərbaycan ədəbiyyatı tarixində mühüm yer tutur.
AMEA Nizami adına Ədəbiyyat İnsititutunun əməkdaşı
Ədalət Rəsulova