“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
Əlimdə bir qələm qırıldı, şair,
Bir şeir çatmadı mənzil başına…
Mən də dərd edirəm, soruşma nəyi,
Açıb-bükəmmirəm, bəzək vururam
Döydüyüm başımla səbir daşına…
Adını bilmirəm, bircə gülüm var,
Sulamaq yadımdan elə çıxır ha…
Son dəfə tökdüyüm bir ovuc sudan
Yarısı sıçradı şeirimin üstə…
Şeirim suya dönüb elə axır ha…
Adını söylədi son hekayəmin,
“Bacım da oxuyub…” – yaman sevindim…
Bulud gözlərimin, qar əllərimin
Sevinci çırpıldı ruhuma, şair,
Bacım: “Oxudum da… Unutdum…” – dedi…
“Yazıçı günü”ymüş…
Yazıram, şair,
Bütöv xoşbəxtlikdi sonuncu abzas.
Di gəl, naşükürdü insan ürəyi…
Şeirlər yazılmır toy dəftərinə,
Hekayə oxumur bank işçiləri…
Bir esse boyuyla gülmür ofisiant,
Demir ki:” Cibimə iki misra bas.”
…ah, şair, qələmim qırıldı, axı…
Daha şeirlərim yadımda qalar?
“Tanrı şəfa versin!” – təsəllisiylə
Canımda bir susmaz ağrı darıxır…
Bir gün bu ağrıya könül bağlayıb
Ölsəm, təsəllilər adımda qalar?
Şəfa Vəli
(2022)