Qurtarıb
Ağla, bulud, ağla. Yoxsa sənin də
Gözlərin quruyub, yaşın qurtarıb?
Daşla, fələk, məni. Nə dayanmısan?
Yoxsa daş atmaqdan daşın qurtarıb?
Sevgi də, nifrət də qəlbdə bəslənir,
İnsan fərdilənir, insan kəslənir.
Atamın dilində tez-tez səslənir:
“Ölən ölüb gedib, başın qurtarıb”.
Gözlərim yaşlıdı, ağlardı indi,
Qəlbim yaralıdı, dağlardı indi,
Elnur, darıxma heç, bahardı indi,
Boranlı, çovğunlu qışın qurtarıb.
Bezdiribdir bu şəhərin…
Bezdiribdir bu şəhərin
Sayacağım nöqsanları.
Bezdiribdir bu şəhərin
Dəyişilmiş insanları.
Bezdiribdir bu şəhərin
Məzhəbləri, inancları.
Bezdiribdir bu şəhərin
Küylü maşın tıxacları.
Bezdiribdir bu şəhərin
Hündür bina yığınları.
Bezdiribdir bu şəhərin
Mitinqləri, qırğınları.
Bezdiribdir bu şəhərin
Get-gəl salan məmurları.
Bezdiribdir bu şəhərin
Rüşvət alan məmurları.
Bezdiribdir bu şəhərin
Dilinə xor baxanları.
Bezdiribdir bu şəhərin
İşığa kor baxanları.
Bezdiribdir bu şəhərin…