Vaxtım deyil, Ulu bağban?
Budağımda saralmışam,
Kim var gənclik dostlarımdan,
Kimin yadında qalmışam?

Soyuqlar Dünyanı alsa,
Çətin çıxam yeni yaza,
Görürsənmi?-unutdunsa,
Özüm yadına salmışam.

Payızda bağ alovlanar-
Ağac sınar, xəzəl yanar,
Alov tutmayan qınanar,
Yetər, xeyli qınanmışam.

Gül açdı, çiçək böyüdü,,
Kölgəmdə ot gömgöyüdü,
Son mənzilim Göy üzüdü,
Yerlərdə qonaq olmuşam.

Pöhrə sınıb, kol-kos bitib,
Sınanların sayı itib,
Kövrəyəm- ya ağlım gedib,
Ya da daha qocalmışam.