
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
Məzarım üstünə nə gəl, nə ağla,
qıyma ki, qəbrimin daşı ərisin,
qara günlərimə bir qara bağla,
bəlkə o illərin yaşı ərisin.
kənardan boylanıb seyr elə bir az,
soyuq məzarımın soyuq üzünü.
verdiyin əzabdan qələm götür yaz,
əgər yaza bilsən sözün düzünü.
doğma baxışımdan qalxan od, alov,
səni duman kimi bürüyəcəkdir.
oğey baxışında donan istəyim
səni qəbrim üstə sürüyəcəkdir.
bax onda titrəyib qalxar ayağa,
narahat ruhumun narahat səsi,
torpağın üstündə şırımlar çəkər,
mənim od püskürən sevgi nəfəsim.
gəlmə qəbrim üstə, gəlmə sən allah.
onsuz da qəbrimin torpağı qərib,
sənli günlərimdə doğan hər sabah,
sənsiz günlərimdə kədər gətirib.
qıymaram məzarım çəkib özünə,
sıxa divarına, daşına səni.
didərgin ruhum da düşüb izinə,
sıxa gözlərinin yaşına səni.
qəbrimin üstünə yağan yağışlar,
qəbrimin sən adlı yağışı, seli,
gələrsən qəbirim səni bağışlar,
gəlmə, qoy qəbrimin lal olsun dili…
2013..oktyabr