hesret

ÇİÇƏKLƏYİR

Fəsillər qarışıq düşüb qəlbimdə,
Yazın ortasında qar çiçəkləyir.
Süzülür gözümün al gilələri,
Elə bil üzümdə nar çiçəkləyir.

Həsrət dəstə-dəstə qolumun üstə,
Boşdan dolu yağır dolumun üstə,
Hayana gedirəm yolumun üstə,
Tələ pöhrələyir, tor çiçəkləyir.

Göz yaşı içində cücərir qəm də,
Boğulur insanın sevinci nəmdə,
Sözləri doğmamış ölən sinəmdə,
Başdaşı göyərir, gor çiçəkləyir.

Qüssədən, kədərdən gen ürəyimdə,
Indi dərd-qəm gəzir şən ürəyimdə,
Gəlmə alışarsan sən ürəyimdə,
Alov yarpaqlayır, qor çiçəkləyir.

Həyat aparmadı de nələrimi,
Yarımçıq saxladı nəğmələrimi,
Demə ki qurutdum ümidlərimi,
Sula göz yaşınla gör çiçəkləyir?

03.05.16

DƏRGAHINA

Görmək istəyirəm səni, İlahi,
Varımdı bir neçə söz dərgahına.
Mənə bir yol göstər sənin yanına,
Diz üstə gələcəm düz dərgahına.

Sənin səxavətin, kərəmin çoxdu,
Səni mənim kimi sevənin çoxdu.
Bilirəm gələnin-gedənin çoxdu,
Məni də növbəyə yaz dərgahına.

Zikr eləmək olub adını peşəm,
Hərdən elə olub qəm də yemişəm,
Mənə nə vermisən şükür demişəm.
Heç vaxt etməmişəm naz dərgahına.

Bu yeri, bu göyü sənsən yaradan,
Seçmək istəyirəm ağı qaradan,
Əlim ətəyinə toxunsun bir an,
Bir azca söykəyim üz dərgahına.

Dünyada qalacaq dünyanın varı,
Könlümdən keçəni qoy deyim barı,
Niyə bəyənmirsən sağ adamları,
Öldürüb çəkirsən öz dərgahına?

04.05.16