YAŞADIM
Ömrü böldüm fəsillərə, aylara,
Yarpaq-yarpaq, gilə-gilə yaşadım.
Sinə gərdim dağlar boyda dağlara,
Ağlamadım, gülə-gülə yaşadım.
Qovuşmağa son addımı atmadım,
Bir günahsız günahına batmadım,
Ilk sevginin vüsalına çatmadım,
Həsrətini şələ-şələ yaşadım.
Sevənlərə vüsal, murad dilədim,
Yaxşılara canım qurban elədim,
Üşüyəni nəfəsimə bələdim,
Göz yaşını silə-silə yaşadım.
Dəstə-dəstə kürəyimə düzməyə,
Daşdan çıxan çörəyimə düzməyə,
Muncuq təki ürəyimə düzməyə,
Dərdlərimi dələ-dələ yaşadım.
Haqla oldum anrı-bərim olmadı.
Simuzərim, ləl-gövhərim olmadı,
Demirəm ki, heç xəbərim olmadı,
Mən bu ömrü bilə-bilə yaşadım.
15.05.16
TORPAĞAMMIŞAM
Deyirdim adamam palıd gövdəli,
Kökləri quruyan budağammışam.
Illərin payızı saraldıb tökən,
Ayaqlar altında yarpağammışam.
Yiyə durammıram yazıq sözümə.
Boylana-boylana qalıb üzümə.
Nifrət eləyirəm özüm özümə,
Gözlərimə girən barmağammışam
Saxlaya bilmədim əlimin üstdə,
Həyat dərdi yığdı belimin üstdə,
Güclə saxlayıram dilimin üstdə,
Söz öpüb oynadan dodaqammışam.
Taleyim, iqbalım getdi yatmağa,
Ümidim qalmayıb əlim çatmağa,
Haçansa düşəcək ölüm tutmağa,
Dünyaya atılmış qarmağammışam.
Doğulub ölürük qanuna bir bax,
Gedəndə geydiyi donuna bir bax,
Bir insan ömrünün sonuna bir bax, .
Ilahi, bir ovuc torpağammışam.
20.05.16